Azərbaycan – Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var – RƏSMİ

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından iki nəfər şəhid olub, beş nəfər isə yaralanıb.

.

“Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb”. 

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mövzu ilə bağlı açıqlama edib. O bildirib ki, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb: 

“Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır”.