Müsavat əməkdaşlıq və birgə müzakirələrə tərəfdardır
İyulun 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
.
Video-konfrans formatında keçirilən toplantıda əvvəlcə ölkədə koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. Bildirilib ki, hakimiyyət koronavirusla mübarizə sahəsində vəziyyətə nəzarəti itirib. Bunun nəticəsidir ki, xəstəliyə yoluxmuş insanların böyük əksəriyyəti öz evlərində müalicə alır. Koronavirus testindən keçmək istəyənlərin də əksəriyyəti dövlətin tibb müəssisələrinə deyil, özəl klinikalara etibar edir. Digər tərəfdən hakimiyyət karantin rejiminin tətbiqi ilə əlaqədar iş yerlərini itirən və gəlirlərindən məhrum olanlara lazımi sosial yardım göstərmir, işsizliyə görə 190 manat müavinət alanların sayı isə azaldılaraq, 600 min nəfərdən 287 min nəfərə endirilib.
.
İclasda vəkil Nemət Kərimli Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun istintaqının başa çatdığı, iyulun 13-də ona ittiham aktının təqdim olunacağı haqda məlumat verib, ölkədə karantin rejiminin uzadılmayacağı təqdirdə iyulun 20-dən sonra müvafiq məhkəmə prosesinin başlaya biləcəyini Divan üzvlərinin diqqətinə çatdırıb. Divanın toplantısında qeyd edilib ki, iyulun 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında Bakı şəhər prokurorunun Nemət Kərimliyə qarşı şikayətinə baxılacaq. Müsavat Partiyası prokurorluğun bu şikayətini vəkilə təzyiq və Tofiq Yaqublunun müdafiə hüququnun pozulması kimi qiymətləndirib, bu qanunsuzluqlara son qoyulmasını, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
.
Müsavat Partiyasının Divanı Güney Azarbaycan milli-azadlıq hərəkatının liderlərindən biri Abbas Lisaniyə qarşı 15 il həbs cəzası verilməsini pisəyib. Qeyd edilib ki, Müsavat başqanı Arif Hacılının Abbas Lisanini müdafiə edən bəyanatı mili fəallar arasında böyük rəğbətlə qarşılanıb. Divan Azərbaycanın bütün vətənpərvər qüvvələrini Abbas Lisani başda olmaqla, Güneydəki milli fəalların hüquqlarını aktiv müdafiə etməyə çağırıb. İclasda Haqq Ədalət Partiyasının müxalifətin əməkdaşlığı və keçid hökuməti yaradılması ilə bağlı təklifi ətrafında aparılan danışıqlar haqqında məlumat dinlənilib. Həmçinin BİZ təşkilatının Dəyirmi Masa təşkil etmək istiqamətində təşəbbüsü haqda fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Müsavat Partiyası müxalifət düşərgəsində əməkdaşlığın genişlənməsi və birgə müzakirələrin inkişafında maraqlıdır.
.
Sonda cari məsələlərə baxılıb.
.
Basta