Paşinyan istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan elan etdiyi növbədənkənar parlament seçkilərini keçirmək üçün istefa verməli olacaq.

 

Məsələ bundadır ki, Ermənistanın Konstitusiyasına görə, erkən parlament seçkiləri yalnız parlamentin buraxılmasından sonra keçirilə bilər. Parlament, mövcud hökumət başçısının istefasından sonra deputatların iki dəfə yeni baş nazir seçə bilməməsindən sonra buraxıla bilər. Amma, bu vəziyyətdə hazırkı baş nazir yeni bir hökumət qurulana qədər vəzifələrini yerinə yetirməyə davam edir.

 

Spiker müavini Alen Simonyan jurnalistlərə verdiyi açıqlamada deyib ki, Nikol Paşinyan 20 iyun tarixində keçiriləcək parlament seçkiləri keçirilməyincə baş nazir postunu qoruyacaq.

 

“Başqa bir ssenari müzakirə olunmayıb. Paşinyan müvəqqəti olaraq baş nazir səlahiyyətlərini icra edəcək” deyə,  Simonyan bildirib.

 

***

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcəyi gözlənir, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan müxalif Çiçəklənən Ermənistan partiyasının lideri ilə görüşündən sonra öz Facebook hesabında yazıb, BBC məlumat verir.

 

Paşinyan deyib ki, bu qərarı vermədən əvvəl parlament partiyaları və Prezidentlə müzakirələr aparıb.

 

“Bir az əvvəl Çiçəklənən Ermənistan fraksiyasının lideri Qagik Tsarukyanla görüşdüm. Görüş zamanı növbədənkənar parlament seçkisinin ölkədə yaranan siyasi vəziyyəti həll etmək üçün ən yaxşı vasitə olduğunu təsdiqlədik,” – Nikol Paşinyan deyib.

 

“Prezident [Armen Sarkisyan] ilə [hakim] Mənim addımım fraksiyası və [müxalifət] Parlaq Ermənistan fraksiyasının lideri Edmon Marukyanla apardığım müzakirələri nəzərə alaraq, Ermənistan Respublikası iyunun 20-də növbədənkənar parlament seçkisi keçirəcək,”- Nikol Paşinyan bildirib.

 

Ötən ilin payızında Ermənistan-Azərbaycan arasındakı 44 günlük müharibə zamanı Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini azad etdikdən sonra Ermənistanda siyasi böhran yaranıb. Parlamentdə təmsil olunmayan müxalif 15 partiyadan ibarət “Vətən Qurtuluş Hərəkatı” ittifaqı, məğlubiyyətdə Paşinyanı və onun komandasını günahlandırıb və istefasını tələb edir.

 

İttifaq bildirir ki, Paşinyan istefa etməli və hakimiyyəti müvəqqəti bir hökumətə təhvil verməli, daha sonra növbədənkənar seçki keçirilməlidir. İstefa tələblərini Prezident Armen Sarkisyan, Erməni Apostol Kilsəsi və Ermənistandakı tanınmış ictimai xadimlər dəstəkləyib.

 

Nikol Paşinyan isə hakimiyyətdən yalnız seçki yolu ilə gedə biləcəyini bəyan edib.