Parlamentin ətrafında baş verən hadisələrlə bağlı cinayət işi başlanıldı
Milli Məclis ətrafında gecə baş verən hadisələr ilə əlaqədar cinayət işi başlanılıb. Bu barədə DİN və Azərbaycan Baş Prokurorluğunun birgə məlumatında deyilir.
Press-relizdə deyilir ki, orduya dəstək aksiyası zamanı “bir qrup təxribatçı ictimai asayişi kobudcasına pozub, güc tətbiq edib və polis əməkdaşlarına müqavimət göstərib”.
Nəticədə bir neçə polis əməkdaşı müxtəlif xəsarət alıb, xidməti avtomobillərə ziyan dəyib. İctimai asayişin pozulmasının qarşısının alınması üçün tədbirlər görülüb.
Fakt üzrə cinayət işi qaldırılıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir, – məlumatda bildirilir.
Məlumatda nə qədər adamın saxlanıldığı və CM-in hansı maddələri ilə istintaqın aparıldığı, nə qədər polis əməkdaşının xəsarət aldığı açıqlanmır.
Eyni zamanda hüquq-mühafizə orqanları xatırladırlar ki, COVİD-19 pandemiyasına qarşı mübarizə dövründə şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsi ağır nəticələrə səbəb ola bilər.
“Vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırırıq”, – press-relizin sonunda bildirilir.
Xatırladaq ki, orduya dəstək aksiyası zamanı Müdafiə Nazirliyi rəhbərliyini tənqiddən sonra bir qrup şəxs parlamentin binasına daxil olaraq ümumi səfərbərliyin elan olunmasını tələb edib.
Polis güc tətbiq edərək etirazçıları binadan sıxışdırıb çıxarıb, sonra suatan qurğulardan istifadə edərək parlament binası qarşısında aksiyanı dağıdıb.