İranın dövlət televiziyasında dahi Azərbaycan şairi Məhəmməd Füzuli təhqir olundu – VİDEO

Şənbə günü, İran televizyasının 4-cü kanalında dahi Azərbaycan şairi Məhəmməd  Füzulini təhqir edilib.

Panfarsist kimi tanınan fars dili və ədəbiyyatı müəllimi, məktəb dərsliklərinin müəlliflərindən biri, İran məktəb dərsliklərinin planlaşdırma şurasının üzvü və televiziya verilişləri üzrə mütəxəssis Höccət Kəcani Hisari dahi şair haqqında ironik tərzdə “Füzilinin Saib Təbrizinin farsca şeirlərini oğurlayaraq türkcəyə çevirib öz adına çıxıb” deyib.

 

O,  Azərbaycan şairinin “Füzuli” təxəllüsünü təsadüfən seçmədiyini bildirib. Bu təxəllüsün ona yaraşdığını deyib.

 

Qeyd edək ki, o, burada məqsədli şəkildə “Füzul” sözünün ərəbcə “başqasının işinə müdaxilə edən, hər işə qarışan” anlamını nəzərdə tutub.

 

Verilişin yayılmasından qısa müddət sonra, Güney Azərbaycan və İranın müxtəlif bölgələrində yaşayan türklər İran dövlət televiziyasına qarşı bütün səviyyələrdə geniş etiraz kampaniyaları başlayıb.

 

Güney azərbaycanlı ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri və adi vətəndaşlarla yanaşı Təbrizdən İran parlamentinə seçilən millət vəkilləri, o cümlədən Əhməd Əlirzabeygi, Ruhullah Mütəfəkkir Azad, Məhəmmədhüseyn Fərhəngi və b. sosial şəbəkələrdə və mətbuatda məsələyə sərt reaksiya veriblər.

 

Təbriz, Üskü cə Tufarqandan İran parlamentinə seçilən Əhməd Əlirzabeygi özünün “Twıtter” hesabında yazıb: “Saib anadan olmamışdan 37 il öncə Füzili dünyasını dəyişmişdi.

 

İran televizyasında türkləri və Azərbaycan mədəniyyətini təcrid etmək üçün tarixin təhrifi və bu istiqamətdə başqa fəaliyyətlərin göstərilməsi İran Radio və Televiziyasını dahada hörmətdən salmaq və etibarsız etməkdən başqa bir işə yaramayacaqdır”.

 

Açıklama yok.

 

Başqa millət vəkilləri Ruhullah Mütəfəkkir Azad və Məhəmmədhüseyn Fərhəngi də bu hərəkəti İranda yaşayan türklərə və bütün azərbaycanlılara qarşı təhqir kimi dəyərləndirib, bunun bilərəkdən Azərbaycan mədəniyyətini və tarixi təhrif etməyə yönələn təxribat olduğunu deyiblər.

 

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin qubernatoru Məhəmmədrza Purməhəmmədi İran Radio və Televiziyasının rəhbəri Əli Əsgəriyə məktub ünvanlayıb, sözügedən verilişi məsuliyyətsiz yanaşma adlandıraraq öz etirazını bildirib.

 

O, məktubunda biliksiz və dayaz bir şəxsin vasitəsilə Azərbaycan və dünya ədəbiyyatının parlaq nümunələrindən sayılan bir şəxsiyyətin təhqir olunmasının qəbuledilməz olduğunu bildirib, İran televiziyasının buna imkan verdiyi üçün məsuliyyət daşıdığını vurğulayıb.

 

Qubernator İran televiziyasında azərbaycanlılara qarşı təkrar təhqir və təhriflərin baş verdiyini xatırladaraq bunun dayandırılmasını, bu fitnələrdə əli olan qərəzli şəxslərin qarşısının alınmasını istəyib.

 

 

“Mən Azərbaycan xalqının nümayəndəsi kimi sizdən belə qərəzli verilişlərin dayandırılmasını, bu işdə əli olan və ölkədə yaşayan xalqların birliyini sarsıdan şəxslərin uzaqlaşdırılmasını, bu təhqirdən nincimiş Azərbaycan xalqına nəticənin bildirilməsini və üzr istənilməsini istəyirəm”-deyə, M.Purməhəmmədi İran dövlət teleradiosunun rəhbərinə yazdığı məktubda qeyd edib.

 

Qeyd edək ki, geniş səviyyədə və bütün təbəqələrdən olan Güney azərbaycanlıların etirazları nəticəsində ötən gecə, bazar günü axşamı İran Radio və Televizya verilişləri bəyanat yayaraq məlum verilişin yayınlanmasına görə Azərbaycan xalqından üzr istəyib.

Gunaz.TV