İcra başçısı ali təhsilli Qarabağ qazisinə süpürgəçi işi təklif edib?
Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olunmuş qazimiz İqbal Səfərov ali təhsili olması və xarici dil bilməsinə baxmayaraq, Pirallahı rayonunun icra başçısının ona süpürgəçi işi təklif edtiyini bildirib.
Şikayətçi qeyd edir ki, ona əvvəlcə başqa bir qurum tərəfindən şöbə rəisi vəzifəsi təklif edilib. Deməsinə görə, Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin rəisi onu çağıraraq, İcra hakimiyyətlarində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkli şöbəsində şöbə rəisi vəzifəsini təklif edib. Bundan sonra o, Pirallahı rayonunun icra başçısı ilə görüşüb.
“Pirallahi rayon İcra basçısı cənab Vasif İmanovla iki dəfə şəxsən gorüşmüsəm. Hər iki görüşümüzdə Vasif İmanov məni çox yüksək şəkildə qəbul edib. Səmimi söhbətlər aparmışıq, mənim döyüş yolumdan , torpaqlarımızın azad olunmağından və ümumiyətlə bir çox mövzularda bir saata yaxın söhbətləşmişik… Məni fəxri fərmanla təltif elədi, şəkillər çəkdirdik” – deyə, İqbal Səfərov özünün feysbuk hesabından etdiyi paylaşımda bildirib.
Qazi qeyd edir ki, görüşdən iki gün əvvəl onun şəxsi işi kadrlar şöbəsinin rəisi tərəfindən başçıya təqdim olunubmuş: “Mənə sənədlərimin çox gözəl olduğunu, bəyəndiyini, mənim özümü də şəxsən ona görə çağrdığını, canlı tanış olmaq istədiyini bildirdi. Və mənə dedi ki, səni hec yerə buraxan deyiləm mənə lazımlı kadrsan”.
Lakin şikayətçinin sözlərinə görə, bu görüşdən sonra vəziyyət dəyişib.
İqbal Səfərovun dediyinə görə, icra başçısı əvvəlcə ona təklif olunan şöbə rəisi vəzifəsinə başqa bir şəxsi təyin edib. Daha sonra isə ona süpürgəçi işi təklif edilib.
“Ali təhsilliyəm. İki diplomum var. Xarici dil bilirəm. ATƏT-dən, İngiltərədən , Amerikadan sertifikatlarım, fəxri fərmanlarım və ən əsası cənab Ali baş komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad ediləməsinə görə medallarım var… Cənab başçı, mənə kucədə süpürgəçi isini hansi əsaslarla rəva bilirsiz?.. Siz o qədər əminsiz ki ozunuzdən, məni bu yolla üzümə gülə-gülə təhqir edirsiz?..”
Qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Pirallahı rayon İcra hakimiyyətinin hər üç telefon nömrəsi ingilis dilli avto-cavab xidmətinə bağlanıb.
Basta