Şuşa göz yaşlarına inanmır
Şuşada “Xarıbülbül” festivalı keçirildi.
Bu həm də Şuşanın işğaldan azad edilməsinə həsr olunmuş bayram tədbiri idi.
Uzun illərin fasiləsindən sonra bir çoxu elə bu şəhərdə yaranmış musiqi şedevrlərinın, xalq müsiqilərinin yenidən Cıdır Düzündə səslənməsindən gözəl nə ola bilər?
Şərəfli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra faktiki bağlı şəhər elan edilmiş Şuşaya yüzlərlə vətəndaşımızın buraxılmasını da, seçmə üsulu bu qədər ədalətsiz və eybəcər olmasa, müsbət hadisə kimi dəyərləndirmək olardı.
Festival günlərində Şuşa torpaqları özləri Birinci Qarabağ müharibəsində iştirakdan, milli ordumuzda hərbi xidmətdən min bir üsullarla, bicliklərlə yayınıb, ikinci Qarabağ savaşından da övladlarını elə həmin usullarla yayındıranların, Qarabağ qazilərini siyasi mövqelərinə görə işdən qovanların, bədnam “xalq diplomatiyası” layihələrində iştirak edib Şuşanı da, bütün Qarabağı da unutdurmağa çalışanların dedikləri kimi sevinc göz yaşları ilə suvarıldı.
İstər 92-cı ildə, istərsə də 2020- ci ildə Şuşa uğrunda döyüşlərdə bu torpaqları qanı ilə suvaran qazilərimiz, ərazilərimizin işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin yaxınları burada deyildi.
Onlar hakim ailənin “seçilmişlər”siyahısında yoxdur. Çünki seçmə meyarı vətənə sevgi, vətənə xidmət yox, hakimiyyətə sevgi, dövlət rəhbərinə köləlikdir.
Seçmə meyarının naqisliyindəndir ki, Vətən Müharibəsinin ən qızğın dövründə mənasız və ziyanlı açıqlamaları ilə hətta rəsmi olaraq təkzib edilməsi zərurəti yaradan Polad Bülbüloğlu iki günlük benifisin əsas fiqurantlarından biri oldu.
Lap İkinci Dünya Müharibəsindən sonrakı bayram tədbirində iştirak edən Jukovu yamsılayırmış kimi ağ paltar da geyinmişdi.
Bəs XTQ rəhbəri, general Hikmət Mirzəyev, fəxrlə haqqında danışdığımız, əlində yüngül silahlarla Şuşanı azad etmiş əsgər və zabitlərimiz, qazilətimiz, şəhid anaları harada idi?
Hər kəs bilir ki, Qarabağın digər əraziləri də, Şuşa da xalqımızın boğazından kəsilən vəsaitlər hesabına yaradılmış hərbi arsenalın, övladlarını vətən uğrunda savaşa göndərən anaların məğrurluğu, vətən üçün canlarından keçən şəhidlərimizin qanı, buna hazır olan qazilərimizin, əsgər və zabitlərimizin şücaəti hesabına azad edilib.
Hər kəs öz daxilində həqiqəti bilir.
Heç kəs qırmızı şərabdan, bahalı konyakdan içib, Qarabağ şikəstəsinə qulaq asa-asa Şuşanın daşını, torpağını öpüb kövrələnlərin timsah göz yaşlarına inanmır.
Bütün Azərbaycan kimi Şuşanın daşı da, torpağı da bu illər ərzində baş verənlərə şahiddir.
Şuşa göz yaşlarına inanmır.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta