Sərhəddə atışma, iki sərhədçi həlak olub
Bu gün, 2021-ci il mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX)Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunmuşdur. Bu barədə DSX-ının yaydığı məlumatda deyilir.
Məlumata görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd etmişlər.
“Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov yaralanmışlar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunmuş, lakin həyatlarını xilas etmək mümkün olmamışdır”, deyə məlumatda vurğulanır.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlandığı deyilir.
Məlumatda deyilir ki, sərhəd pozucularından biri saxlanılmışdır, digərlərinin axtarışı davam etdirilir, İran vətəndaşı olan sərhəd pozucusunun kimliyinin müyyən edilmsi üçün tədbirlər görülür.
Hadisə yerinə bir qrup zabit ezam olunmuşdur, hadisə barədə aidiyyəti hüquq mühafizə orqanları və İran tərəf məlumatnadırılmışdır.