Məhbus anaları aksiya keçirdi

Bu gün, mayın 19-da Suriyada qanunsuz silahlı dəstələrin tərkibində fəaliyyət göstərməkdə ittiham olunan bir qrup məhkumun ailə üzvləri  Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Aksiya iştirakçıları övladlarına qarşı irəli sürülən ittihama etiraz edir.

 

Polis aksiyaya müdaxilə edib, iştirakçıları avtobuslar vasitəsi ilə ərazidən uzaqlaşdırıb.

 

Etirazçılarıdan biri deyib ki, övladlarını aldadaraq Suriyaya aparıblar.

 

Həbsdə olan Marif Mərdanovun  anası isə bildirib ki, oğlu 2013-cü ildə aldadılaraq Suriyaya aparılıb. O iki ay Suriyada qaldıqdan sonra özü könüllü geri, vətəninə qayıdıb və  bu zaman həbs edilib.

 

Digər etirazçı deyib ki, dəfələrlə Baş Prokurorluğa, Prezident Administrasiyasına və Ombdsmana etirazlarını çatdırsalar da bir nəticəsi olmayıb.

 

“Övladlarımızı iş adı ilə Suriyaya aparıblar. Prezident İlham Əliyev 2013-cü ildə demişdi ki, Suriyaya gedənlər geri dönsün, onları həbs etməyəcəyik. Amma, övladlarımız Azərbaycana gələn kimi həbs etdilər,” o qeyd edib.

 

2014-cü il sentyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 26 Azərbaycan vətəndaşı həbs edilib. Həbs edilənlər Cinayət Məcəlləsinin 12.1 (Azərbaycan qanununun Azərbaycandan kənarda törədilən cinayətlərə görə tətbiqi), 279.1 (Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmə yaratma)  və 170.3 (Yetkinlik yaşına çatmayanı cinayət məsuliyyətinə cəlb etmə) maddələri ilə ittiham olunur.

 

Hökmə əsasən, Vüqar Dursunəliyev 15 il, onun oğlu Elvin 4 il, Malik Musayev və Azər Qəmbərovun hər biri 13 il 6 ay, digər təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktında təqsirləndirilən şəxslər, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində fəaliyyət göstərmələri əksini tapıb.

 

 

Turan