MSDM ABŞ Konqresinin 907-ci düzəlişinə qarşı kampaniyaya başlamağa çağırır
Milli Strateji Düşüncə Mərkəzinin mayın 25-də keçirilən toplantısında bir sıra digər məsələlərlə yanaşı Zəngəzur dəhlizi mövzusu da müzakirə edilib.
MSDM-in sədri İsa Qəmbərin yaydığı məlumatda bildirilir ki, toplantı iştirakçıları Ermənistan siyasi dairələrində və erməni diaspora təşkilatlarında müşahidə olunan spekulyativ çıxışlara münasibət bildiriblər.
MSDM qeyd etməyi zəruri bilir ki, onilliklər boyu guya Azərbaycanın blokadasında qaldığı barədə beynəlxalq aləmə səs salan, əslində isə öz təcavüzkar siyasəti və ölkəmizin ərazilərini işğal etdiyinə görə regionda təcrid olunan Ermənistan bu gün həmin “blokada”nın (təcridin) aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin atdığı real addımları faktiki boykot edir.
MSDM hesab edir ki, Azərbaycanın guya Ermənistanı və Daglıq Qarabağı blokadaya aldığı üçün 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlıga Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin indiki mərhələdə qüvvədə saxlanması tamamilə absurddur.
MSDM siyasi partiyalara, ictimai birliklərə və bütövlükdə Azərbaycan cəmiyyətinə müraciət edərək bu düzəlişin ləğv edilməsi ilə əlaqədar ciddi kampaniyaya başlamağı təklif edir.
Basta