Müsavatdan Abbas Lisaninin aclıq aksiyasına dəstək
İyunun 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə istiqlalçı millət vəkili Hicran Kərimlinin xatirəsi sayğı duruşu ilə yad edilib.
Müsavat başqanı Arif Hacılı və partiya rəhbərliyinə daxil olan bir qrup şəxsin Masallı və Lerik rayonlarına səfəri çərçivəsində keçirilən görüşlər və şəhid məzarlarının yad edilməsi haqqında məlumat dinlənilib.
Partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində tapşırıqlar verilib.
Qarabağda son durum və Ermənistanda keçirilən seçkilər barədə fikir mübadiləsi aparılıb.
Güney Azərbaycanda Abbas Lisani başda olmaqla 8 siyasi məhbusun insan hüquqlarının pozulmasına etiraz olaraq başlatdıqları etiraz aksiyasına dəstək ifadə edilib, onların dərhal azadlığa buraxılması və repressiyalara son qoyulması tələb edilib.
Mərhum prezident Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədar iyunun 24-də saat 12:00-da onun məzarının ziyarət edilməsi haqda qərar qəbul olunub.
Sonda cari məsələlər müzakirə olunub.