Qarabağ qazisi intihar edib

Ötən gecə Cəlilabad şəhərində Vətən müharibəsi iştirakçısı, Qarabağ qazisi Abbasov Bəhmən Bəhlul oğlu intihar edib.

 

Bu haqda  Müsavat Partiyası Cəlilabad rayon təşkilatının sədri Azər Əsgər özünün feysbuk səhifəsində məlumat yayıb.

 

Səbəb kimi qazinin iş tapa bilməməsi, səlahiyyətli orqanların onunla maraqlanmaması bildirilir.

 

“Əslində qazi intiharları müharibədən sonrakı Azərbaycan tarixinin acı reallığına çevrilmişdir. Az qala hər gün qazi intiharları haqqında məlumatlar alırıq. Çox təəssüf. Demək ki, qazilərlə bağlı problem var. Ən böyük problem isə, hökumət orqanlarının qazilərə lazımi diqqət göstərməməsidir. Sosial şəbəkələrdə paylaşılan qazi intiharlarını yüngülcə təhlil etdikdə, əksər intiharların səbəbinin sosial yönümlü olması görünür. İşsizlik, əlillik dərəcəsi ala bilməmək, dövlət orqanlarının diqqətsizliyi, postmüharibə dövrünə adaptasiya oluna bilməmək, fiziki və mənəvi reabilitasiya prosesindən kənarda qalmaq, dövlət orqanlarının qaziləri həssas bir sosial təbəqə kimi qəbul edə bilməməsi, məmur özbaşınalığı və s. belə səbəblərdəndir” – deyə, Azər Əsgər bildirib.

 

“Bəhmən Abbasov da Vətən müharibəsi qəhrəmanı idi, könüllü olaraq cəbhəyə getmişdi. Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş və uyğun medallarla təltif edilmişdi. Bəhmən Abbasov Vətən müharibəsində düşmənə qalib gəldi, amma, uğrunda vuruşduğu dövlətin məmuru ilə mübarizədə aciz qaldı”- deyə, Müsavat yetkilisi əlavə edib.

 

Allah rəhmət eləsin.

 

Basta