Müsavat başqanı Nəsib bəy Yusifbəylidən yazdı

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, M.Ə.Rəsulzadənin ən yaxın silahdaşı Nəsib bəy Yusifbəylinin doğum günüdür.

 

Nəsib bəy Yusifbəyli hələ Rusiyanın qüdrətli dövründə bu imperiyanın federal dövlətə çevrilməsi, Azərbaycanın ərazi muxtariyyəti uğrunda çalışır, buna görə də çar hakimiyyəti tərəfindən təqib olunurdu.

 

Azərbaycanın dirçəlməsi, xalqın maariflənməsi üçün mümkün olan bütün işləri görürdü.
Jurnalist kimi məqalələr yazır, məktəblərdə müəllimlik edir, Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyur, bu tamaşalarda baş rolları oynayırdı.
Rusiyada, Krımda, Türkiyədə, Gəncədə yaşadığı dövrlərdə siyasi fəaliyyətini daim davam etdirirdi.
Baxçasarayda “Tərcüman” qəzetində çalışırdı, İstanbulda Türk dərnəyi cəmiyyətinin üzvü idi.
Gəncədə Türk Ədəmi-Mərkəziyyət Firqəsini yaratmışdı.
Zaqafqaziya Seyminində Azərbaycanı təmsil edən 44 mümayəndədən biri idi.

 

Müsavat Partiyası Türk Ədəmi- Mərkəziyyət Firqəsi ilə birləşdikdən sonra daha da güclənib, Güney Qafqazın ən güclü partiyasına çevrildi.
Bu birləşmədən sonra Nəsib bəy Müsavatın əsas simalarından biri, həm də patriyanın Gəncə şöbəsinin rəhbəri idi.

 

AXC nin əsas sütunlarından biri olan Nəsib bəy Yusifbəyli dövlətin qorunması üçün ən çətin vəzifələri üzərinə götürürdü.

Azərbaycanın xalq maarifi naziri, dini etiqad naziri, maliyyə naziri, daxili işlər naziri vəzifələrini daşımış, Cümhuriyyətin ən ağır günlərində Azərbaycan hökümətinə rəhbərlik etmiş, ölkənin Baş Naziri olmuşdu.

 

Tutduğu bu yüksək vəzifələrə baxmayaraq bütün həyatını maddi çətinliklər içində yaşamışdı…

 

Dediyim kimi, dostlarımız dostlarını yaxşı tanımasa da düşmənlərimiz düşmənlərini yaxşı tanıyır.
Elə bu səbəbdən Nəsib bəy Yusifbəyli Cümhuriyyətin süquntundan qısa müddət sonra xaincəsinə qətlə yetirildi.

 

İndi Azərbaycanın bu böyük dövlət xadiminin məzarı və ya xatirəsinin yad edilməsi üçün toplanılacaq xüsusu bir məkan yoxdur.

 

Bu səbəbdən Cümhuriyyətimizin 100 illiyində onun xatirəsini son mənzili olan Kür çayına gül dəstələri atmaqla yad etdik…

 

Azərbaycanımızın mövcudluğuna görə borclu olduğumuz böyük şəxsiyyətlərin, o cümlədən Nəsib bəy Yusifbəylinin əziz xatirəsi xalqımız və Azərbaycanı sevən hər kəs tərəfindən əbədi olaraq minnətdarlıqla anılacaq, onların indi qəlbimizdə ucalan abidələri ən böyük meydanlarda da ucalacaqdır.

 

Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.