Ramin Hacılı həbs olundu
Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub, prokurorluğa istinadən media xəbər verir.
“Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – Azərtac agentliyi bildirir.
Dələduzluq “cinayətləri törətməkdə” ittiham olunan fəalın “Almaniyadan deportasiya” olunmuş Azərbaycan vətəndaşlarının “ifadəsi əsasında” həbs olunduğu deyilir.
Cənab Hacılının ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.
2017-ci ildə Ramin Hacılı məhkəmə qərarı ilə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb.
O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi. Ancaq o, ittihamları qəbul etməyib.
2005-2006-cı illərdə Dalğa Gənclər Hərəkatının həmtəsisçisi və ilk sədri Ramin Hacılı 2010-cu ildə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olub.