“Sülhməramlı” Rusiya Ermənistana silah verməkdə davam edir
Qarabağdakı 44 günlük müharibədən sonra da Rusiya Ermənistanı silahla təchiz edir.
Bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verib: “Ötən ilin noyabr ayından etibarən arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün silah alırıq. Bu proses dayanmayıb”.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan hökuməti ordunu ən qısa zamanda tamamilə modernləşdirmək niyyətindədir”.
Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik etməyə iddialı olan və Qarabağa “sühməramlı” kontingent yerləşdirən Rusiyanın Ermənistana silah satması etirazla qarşılanıb. Daha əvvəl Azərbaycanın dövlət başçısı İlham Əliyev CNN Türk -ə müsahibəsində Ermənistanı sülh müqaviləsi imzalamaq istəməməkdə və revanşist hisslərdə ittiham etmişdi. Eyni zamanda o, Rusiya tərəfinin Ermənistana silah verməsini “məntiqsiz” adlandırıb. Əliyev müharibə zamanı Ermənistana verilən dərsin təkrar olunacağını da bildirib.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Rusiya tərəfindən xarici silah tədarükünün həyata keçirilməsinin onun suveren haqqı olduğunu bildirib.