Terror dünyaya meydan oxuyur
“Əlində hər şeyin hökmü olan Allah pak və müəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız” − Yasin surəsi-83.
Gözlə görünən nə varsa, onu qəbul etmək lazımdır, deyən materializmin əksinə olaraq, idealizmin əsasını yuxarıdakı fikir təşkil edir. Hər iki yanaşmadan doğan ideya isə bundan ibarətdir ki, daxilində nəfsin də kök atdığı insana hökmranlıq məsələsi şamil olunmur. Bizim kimi canlı sayılan qarışqa üzərində də hökmranlıq etməyə insan oğlunun haqqı çatmır.
Amma baxaq, əlində olan varidatı kosmosa gedib-gəlməyə sərf edən milyarderin mövcud olduğu dövrdə daha nələr baş verir. Əməllərindən cana doyduğumuz erməniləri bir kənara qoyuram.
İnsan cəmiyyətini sivilliyə dəvət edən möhtəşəm İslam dininə qara ləkə yaxan “Taliban”a nə ad verəsən? Zavallı əfqan xalqı necə davam gətirsin bunlara ki, dilində “Quran”, “Allah” sözləridir, çiyinlərindəki minomyot, pulemyotdur. Hələ üstəlik mövcud hokuməti istefaya məcbur edənə qədər, fasiləsiz bomba partlayışları ilə məhv etdikləri dinc sakinlərin sayı-hesabı yoxdur. Dini libaslara bürünmüş bu iblis xilqətlilərə bu qədər silah, maliyyə axı haradan gəlir?
Demokratiyanı özünə qalxan edən güclü dövlətlər nə vaxta qədər terrorizmlə mübarizə haqqında nağıl danışacaqlar? Acınacaqlı vəziyyətə salınmış dinc əhalini göstərərək, onlara qəbulolunmaz olduqlarını bildirmək əvəzinə, tanındıqları və danışıqlara rəvac verilməsi haqqında yarışa giriblər. Buna “hakimiyyət əldə etmək” kimi baxan dövlət başçıları, hazırlaşın! Hazırlaşın “Əl-Qaidə”ni, “Həmas”ı, “PKK”-nı və s. adlarını bimədiyim terror təşkilatlarının da çiynində raket, dilində “sülh” gəzdirən liderlərinin notalarını qəbul etməyə! Bizim Qarabağ bölgəsinin aqibəti bütün dünyaya nümunədir – “xarabaya çevir, hökmran ol” prosesi davam edir.
Kəndimizə gedəndən soruşmuşam ki, qəbirstanlıq yerindədirmi? O, bikefcə başını aşağı salıb − “Qəbristanlıq nə gəzir? Heç nə yoxdur” − deyir. XXI əsrin sivilizasiyası budurmu?
Sözümü Teymurlənglə Nəsiminin dialoqu ilə bitirmək istəyirəm. Qüdrətli sərkərdə şairə meydan oxuyur: “Şair, görürsənmi, qılıncımın gücü ilə bütün diyarı necə fəth edirəm?!”. Aldığı cavab isə belədir: “Hökmdar, sən qılıncınla, mənsə sözlə fəth edirəm aləmi!”.
Nəzakət Muradova
Cəbrayıl rayonu, Quycaq kəndi