Müstəqilliyin bərpa olunması haqqında bəyannamənin qəbulundan 30 il keçdi – Müsavat başqanının təbriki

Bu gün Azərbaycan Ali Sovetinin  “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etməsindən 30 il ötür.

 

İstiqlalçı millət vəkili, Müsavat Partiyasının başqanı Arif Hacılı bu münasibətlə Azərbaycan xalqını təbrik edib.

 

“30 il əvvəl, 1991-ci il avqustun 30 da Dövlət Müstəqilliyimizin Bərpa Edilməsi barədə Azərbaycan Ali Sovetinin bəyannaməsi qəbul edilib. 20-ci əsrdə müstəqilliyimiz haqqında 2-ci bəyannamənin qəbul edilməsi xalqın iradəsi, Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, parlament daxilində İstiqlalçı Millət Vəkillərinin apardığı fədakar mübarizə nəticəsində mümkün oldu.
18 Oktyabr Dövlət Müstəqilliyimizin bərpası haqqında Konstitusiya Qanunu da 1918-20 illərdə mövcud olmuş AXC-nin hüquqi sənədlərinə və Azərbaycan Ali Sovetinin qəbul etdiyi 30 avqust bəyannaməsinə əsaslanır. 30 Avqust həm də Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı günüdür.
Dövlətlərimizin tarixində çox mühüm rolu olan bu iki hadisənin ildönümü münasibəti ilə Azərbaycan xalqını, bütün TÜRK dünyasını təbrik edirəm” – deyə, Müsavat başqanı özünün feysbuk hesabında yazıb.

 

***

 

 

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə barəsində

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olunsun.

 

Bakı şəhəri, 30 avqust 1991-ci il.

№ 179-XII.

 

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN BƏYANNAMƏSİ

 

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,

 

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

 

Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya qanunlarına əsaslanaraq,

 

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək,

 

milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,

 

Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

 

respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

 

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,

 

SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,

 

beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa  olunduğunu elan edir.

 

 

Bəyannamə 1991-ci il avqustun 30-da Azərbaycan

Respublikası Ali Sovetinin növbədənkənar

sessiyasında qəbul edilmişdir.

 

***

Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağrış edilib:

“Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq edərək, öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır.

Azərbaycan Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların dost xalqlarına rəğbət hissini əsas tutaraq Azərbaycanla müstəqil Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.

Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir”.

 

Basta