Müsavat Divanının gündəliyi
Sentyabrın 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Siyasi motivlərlə məcburi müalicəyə göndərilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun durumu haqda məlumat verilib. Onların vəkillə görüşünə hələ də imkan verilmədiyi qeyd edilib. Hər iki şəxsin faktiki azadlıqdan məhrum olunduqları bildirilib və onların dərhal sərbəst buraxılması tələb edilib.
İclasda partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Toplantıda Azərbaycan-Ermənistan sərhədində durum, ölkədə və regionda gedən proseslər müzakirə edilib. Rusiyanın hökumət saytında bu ölkənin Müdafiə Nazirliyi adından yerləşdirilən elanda “Dağlıq Qarabağ Respublikası” ifadəsinin yazılması pislənilib. Müsavat bu elanın saytdan tam silinməsi və oxşar hadisələrin təkrarlanmaması üçün təsirli siyasi-diplomatik addımların atılmasını tələb edir.
Azərbaycanın GUAM Birliyində və “Krım platformasında” iştirak etməməsi milli maraqlara zidd siyasət kimi qiymətləndirilib. Qeyd edilib ki, rəsmi Bakı Türkiyənin də bu formata qoşulmasını dəstəkləməklə, GUAM birliyinin fəaliyyətinin bərpası istiqamətində tədbirlər görməlidir.
İclasda sentyabrın 15-də Bakının rus-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı Şəhid Xiyabanının və Türk şəhidliyinin ziyarət edilməsi haqqında qərar verilib.
Həmçinin sentyabrın 27-də Məclisin sessiyasının keçirilməsi haqqında qərar qəbul edib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta