Müsavat Partiyasından tələblər və təkliflər – 27 sentyabr bəyannaməsi
44 günlük Vətən Müharibəsində Milli Ordumuz Azərbaycan xalqının və qardaş Türkiyənin dəstəyi ilə möhtəşəm qələbə qazanıb. Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri daxil olmaqla işğal edilmiş ərazilərimizin böyük hissəsinin azad olunması, ötən əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakının işğaldan azad olunması və Azərbaycanın öz müstəqilliyinə yenidən qovuşmasından sonra dövlətimizin yeni tarixində ən mühüm hadisədir.
Hərbi əməliyyatların daha bir neçə gün davam edəcəyi təqdirdə, Xankəndi də daxil olmaqla digər ərazilərin də işğaldan azad ediləcəyi şübhə doğurmurdu. Lakin “sülhməramlılar” adı altında Rusiya silahlı qüvvələrinin Qarabağa gətirilməsi qələbəmizin tamamlanmasına imkan verməyib.
Hər zaman olduğu kimi, Vətən Müharibəsi dövründə də Müsavat Partiyası ordumuzun və dövlətimizin yanında olub. Partiya öz beynəlxalq əlaqələrindən istifadə edərək, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq birliyə çatdırılmasına ciddi tövhə verib, öz imkanları çərçivəsində orduya maddi və mənəvi dəstək göstərib, partiyanın üzvləri və onların övladları ön cəbhədə vuruşub, şəhid və qazi olublar. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti milli həmrəyliyin yaranmasına imkan verməyib, müxalifətə qarşı əssasız ittihamları və qarayaxma kampaniyasını davam etdirib.
Müsavat Partiyası bəyan edir ki, işğal altında olan ərazilərin böyük hissəsinin azad edilməsi, ölkədə korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının tüğyan etməsinə, insan haqlarının kütləvi pozulması və siyasi repressiyaların davam etdirilməsinə əsas ola bilməz.
Müsavat Partiyası hakimiyyətdən işğalda altındakı ərazilərin tam azad olunması, Rusiya silahlı qüvvələrinin Azərbaycandan çıxarılması, ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin qurulması üçün təsirli tədbirlərin görülməsini tələb edir.
Müsavat Partiyası bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri sayır:
Ermənistanla ikitərəfli danışıqlar üçün yaranan imkanlardan istifadə etməklə Azərbaycanın ərazi bötüvlüyünün təmin olunmasını nəzərdə tutan sülh müqalivəsinin imzalanmasına nail olmaq;
Rusiya ” sülhməramlılarının” tezliklə ölkəmizdən çıxarılması yolu ilə ölkənin suverenliyini bərpa etmək;
Rusiya və İranın maraqlarına xidmət edən şəbəkə ilə mübarizəni gücləndirmək;
Konstitusiyada təsbir olunan avrointeqrasiya prosesinin sürətləndirmək məqsədilə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” sazişinin imzalanmasına nail olmaq;
Türkiyənin də bu formata qoşulmasını dəstəkləməklə, GUAM Birliyinin işini fəallaşdırmaq;
Ukraynanın ərazi bötövlüyünün təmin olunması məqsədilə yaradılan beynəlxalq “Krım Platformasına” qoşulmaq;
Azərbaycan ordusunun döyüş qabiliyyətini təkmilləşdirmək məqsədilə NATO, Türkiyə, Pakistan və Ukrayna orduları ilə müntəzəm hərbi təlimlərin keçirilməsinə nail olmaq;
Məcburi köçkünlərin azad olunmuş torpaqlara yerləşdirilməsi prosesini sürətləndirmək;
Məcburi köçkünlərin mülkiyyət hüququnu təmin etmək, onların varislərinə həyətyanı sahə və torpaq payının ayrılmasını təmin etmək;
Ölkədə siyasi islahatlara start vermək, o cümlədən söz və ifadə azadlığı, sərbəst toplama hüququ və digər fundamental insan haqlarını təmin etmək, siyasi məhbusları azadlığa buraxmaq;
Seçki qanunvericiliyini təkmilləşdirmək, referendum yolu ilə proporsional seçki sistemini bərpa etmək, seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq;
Ölkədə azad iqtisadi rəqabət və investisiya etibarlılığı mühüti yaratmaq məqsədilə beynəlxalq standartlara uyğun qanunların hazırlanması və qəbuluna nail olmaq;
Gerçək hakimiyyət bölgüsü aparmaq;
Məhkəmə sistemini təkmilləşdirmək;
Ölkədə süni qiymət artımına son qoymaq;
Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək;
Artıq sıradan çıxmaqda olan kicik və orta sahibkarların müdafiəsini təmin etmək;
Məmurların müxtəlif yollarla ölkədən xaricə daşıdıqları varidatın qaytarılmasına nail olmaq;
Müsavat Partiyası Azərbaycan cəmiyyətini fəal olmağa, siyasi və ictimai təşkilatları ölkənin köklü problemlərinin həllinə nail olmaq üçün birgə fəaliyyətə çağırır.
Bəyannamə Müsavat Partiyası Məclisinin 26 sentyabr 2021-ci il tarixli sessiyasında qəbul edilib.