Ərdəbilli fəallar Qarabağa dəstək verdikləri üçün cəzalandırılıb
Onlar müharibə zamanı İranın Ermənistana yardımlarına etiraz etmişdilər
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Cinral parkında aksiya keçirən 12 ərdəbilli fəall barəsində qərar çıxarılıb.
Oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci bölməsinin başçısı Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamı cəzasına məhkum ediliblər.
Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd colani, Sobhan Bəkhshi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən ittiham olunublar.
Fəallar “hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.
Bununla yanaşı məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.
Eyni halda İran İslam Respublikasının Cinayət Məcəlləsinin 448 və 449 -cu maddələrinə və Cinayət Prosessual Məcəlləsinin 427 -ci maddəsinə əsasən Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirdiyi üçün cərimə ödəməyə məhkum olunub.
Qeyd edək ki, yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.
Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. “Amnesty İnternational” yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb etmişdi.
GunazTV