ManşetSiyasət

Qarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olundu

 

Türkiyənin İğdır şəhərində Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə konsert, rəqs proqramı, sərgi və Türkiyə-Azərbaycan Qardaşlıq yürüşü keçirilib. Tədbirlərdə iki ölkənin bayraqları dalğalanıb, qardaşlıq mesajları səsləndirilib.

İğdırda keçirilən tədbirdən görüntü

Noyabrın 4-də İğdır Mədəniyyət Mərkəzində keçirilən tədbir İğdır Valiliyi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasimdə İğdır valisi M. Fırat Taşolar, AKP-nin İğdır üzrə il başqanı Ali Kemal Ayaz, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov və çoxsaylı qonaqlar iştirak ediblər.

NAXÇIVAN KOLLEKTİVİNDƏN KONSERT VƏ RƏQS PROQRAMI

Proqram çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Rəqs və Musiqi Kollektivi çıxış edib. Azərbaycan musiqisi və rəqslərindən ibarət proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə, həmçinin Azərbaycan mədəniyyətinin rəmzlərindən olan Xarıbülbül motivləri əsasında hazırlanmış əl işləri sərgisi nümayiş etdirilib.

Qoşqar Zeynalov: Türkiyə-Azərbaycan qardaşlığı əbədi yaşayacaq

Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov çıxışında Qarabağ Zəfərinin əhəmiyyətindən danışıb.

“Bu gün Qarabağ Zəfərinin 6-cı ildönümünü qürurla qeyd edirik. Türkiyə-Azərbaycan qardaşlığı əbədi yaşayacaq. Bu tədbirin İğdırda keçirilməsi iki ölkə arasındakı qardaşlığın ən gözəl nümunələrindən biridir”, – deyə baş konsul bildirib.

İğdır Azərbaycan Evi Dərnəyinin sədri Ziya Zakir Acar da çıxışında Qarabağ Zəfərinin türk dünyası üçün əhəmiyyətini vurğulayıb.

“Qarabağ Azərbaycandır. Türkiyə-Azərbaycan qardaşlığı hər cür maneəni aşacaq gücə malikdir”, – deyə o qeyd edib.

Şəhid anasından təsirli çıxış

Tədbirdə Naxçıvandan gələn, Qarabağ müharibəsində oğlunu şəhid vermiş ana da çıxış edib.

“Oğlum Vətən torpaqları uğrunda Qarabağda şəhid olub. Qürurluyam, şərəf duyuram. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Azərbaycanın sevinci Türkiyənin sevincidir, Türkiyənin sevinci də Azərbaycanın sevincidir. Biz iki dövlət, bir millətik”, – deyə şəhid anası bildirib.

İğdır küçələrində Türkiyə-Azərbaycan Qardaşlıq yürüşü

Axşam saatlarında İğdırda Türkiyə-Azərbaycan Qardaşlıq yürüşü keçirilib. Zübeydə Hanım bulvarından başlayan yürüş Vali Yolu istiqamətində davam edərək başa çatıb.

 

Yürüşdə Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb, iştirakçılar musiqilərə qoşularaq qardaşlıq şüarları səsləndiriblər. Tədbirdə İğdır valisi M. Fırat Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Didem Taşolar, dövlət qurumlarının, siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Qardaşlıq yürüşündən digər görüntü

Proqram şəhidlərin ruhuna duaların oxunması, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə yekunlaşıb.

Mənbə: Yesil İgdir qəzeti