Müsavatçı təqib olunur
Müsavat Partiyasının dünən keçirilən tədbirində fəallıq edən Suraxanı rayon təşkilatının sədri Arzulla Bulud təqib olunur. Bu haqda o, özünün feysbuk səhifəsində məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 18-də – Müstəqilliyin Bərpası Günü ilə bağlı Müsavatın rəhbərliyi və bir qrup üzvü Fəxri Xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Polis tədbirə müdaxilə edərək, müsavatçıların yalnız 10 nəfərlik qruplara bölünərək Xiyabana daxil olmasına imkan verib. Bu zaman polislər tədbirə gələn hər bir müsavatçının şəklini çəkiblər. Müsavatçılar olaya “Azadlıq” qışqıraraq etiraz edirblər.
“Tədbirdə sonra polis əməkdaşları mənim yaşadığım məhəlləyə gəliblər. Şəklimi göstərərək, məni soruşublar. Sonra kirayədə qaldığım evin sahibini küçədə saxlayaraq, məni soruşublar” – deyə, Arzulla Bulud “Basta”ya bildirib.
Arzulla Bulud bundan əvvəl Müsavatın Suraxanı rayon təşkilatının üç fəalının həbs edildiyini xatırladaraq qeyd edib ki, bu təqiblər ölkədə polis rüjiminin hökm sürdüyünü göstərir.
Müsavat Partiyasının mətbuat xidməti tədbirdə fəallıq edən müsavatçıların yaşadığı məhəlləyə polis əməkdaşlarının göndərilməsini təqib kimi qiymətləndirib.
Suraxanı Rayon Polis İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Basta