Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Zakir Həsənov Zəngilan şəhərində baş tutan görüşdə Türkiyənin İkinci Qarabağ müharibəsində göstərdiyi mənəvi dəstəyə görə minnətdarlığını bildirib.

O, “qarşılıqlı inam, etimad və dəstəyə” əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.

Hulusi Akar strateji müttəfiqliyin “dostluq və qardaşlıq münasibətləri üzərində” qurulduğunu qeyd edib.

 

Məlumatda deyilir ki, görüş zamanı hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan oktyabrın 26-da Azərbaycanın Füzuli şəhərinə birgünlük səfər edib.

O, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edib.

Füzuli şəhəri ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinin ilk günlərində, oktyabrın 17-də azad edilib.