“Şəkər xəstələrinə pulsuz dərmanların verilməsi 3 aydır dayandırılıb”
Azərbaycanda əhalinin pulsuz olaraq dərman vasitələri və ləvazimatları ilə təchiz edilməsi üçün bu və ya digər xəstəliklər üzrə Dövlət Proqramları qəbul edilib. Proqrama əsasən ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunmalıdır. Səhiyyə nazirinin 01.12.2005-ci il tarixli əmrinə əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Bundan başqa, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanmalıdır. Şəkərli diabet və onkoloji xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunmalıdırlar.
Pulsuz verilməli olan dərmanların siyahısında şəkər xəstələri üçün nəzərdə tutulan İNS Levemir flexpen 100TV 3ml № 5 preparatı da var.
Lakin redaksiyamıza müraciət edən Kərimova Ləman Mehman qızı bu preparatın artıq 3 aydır verilmədiyini bildirir. Ləman Kərimova Yasamaldakı 3 saylı poliklinikada şəkər xəstəsi kimi qeydiyyatdadır.
“Poliklinikada deyirlər ki, Levemir yoxdur. Yoxdursa, necə olur ki, apteklərdə satışda var?” – deyə, Ləman Kərimova şikayətlənib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa cəhd etdik. Nazirliyin Mətbuat xidmətində və ümumi şöbəsində telefon zənglərinə cavab verilmir.
3 saylı poliklinikanın baş həkimi Solmaz Xankişiyeva şikayətçiyə niyə preparat verilmədiyi barədə sualımıza “araşdırdıqdan sonra” cavab verəcəyini bildirdi. Lakin sonrakı zənglərimizə cavab vermədi. Şikayətçinin atası bundan sonra onunla görüşdükdə isə Solmaz Xankişiyeva naziriyin 3 aydır şəkər xəstələrinə pulsuz dərmanların verilməsini dayandırdığını bildirib.
Basta