“Golden” MTK dələduzluqda ittiham olunur

Yeni tikilən binada mənzil alırsan, orada yaşamırsan, amma səndən kommunal ödəniş – lift, binanın təmizlənməsi və işıqlandırılması üçün pul tələb edirlər. Ödəmədikdə təhqir, təhdid, hətta fiziki zorakılıqla üzləşirsən, heç bir məhkəmə qərarı olmadan mənzilinə buraxılmırsan. Başına gələnlərlə bağlı polisə müraciət etməyinin də bir xeyri olmur.  Paytaxt sakini Əkbərov Ramiz Oğlan oğlu üzləşdiyi problemlərlə bağlı redaksiyamıza müraciət edib. 

 

Ramiz Əkbərov 14 yanvar 2005-ci ildə “Golden” Mənzil Tikinti Kooperativindən 57800  dollara sənəddə sahəsi 141 kvadrat metr göstərilən 3 otaqlı mənzil alıb.  Dediyinə görə, o vaxtadan qanunsuzluqlarla üzləşib.

 

Mənzili aldıqdan iki il sonra “Golden” Mənzil Ttikinti Kooperativinin komendantı Cəlil Kərimov müqavilədə texniki səhv olduğunu bildirərək, onun təcili dəyişdirilməsinin vacib olduğunu söyləyib: “Mən də dərhal onların ofisinə getdim. O, isə müqaviləni saxta formada köhnə tarixlə 2 may 2005-ci ildə verilmiş kimi imzalayıb mənə təqdim etdi. Bu sənəddə isə evin sahəsi 138 kvadrat metr kimi yazıldı”.

 

Şikayətçi o vaxt sənədin dəyişdirilməsinin gerçək səbəbini tam aydınlaşdıra bilməyib. Lakin 2019-cu ildə Dövlət reyestr xidmətinə kupça üçün müraciət etdikdə dələduzluq faktı ortaya çıxıb.  Reyestr xidməti ölçüləri dəqiqləşdirib və mənzilin sahəsinin 141, yaxud son müqavilədə göstərildiyi kimi 138 yox, cəmi 132.3 kvadrat metr olduğu müəyyən edilib.

 

Ramiz Əkbərovun sözlərinə görə, indi MTK-nın təmsilçiləri ondan kommunal xərclərin ödənilməsini tələb edir. Halbuki, o, aldığı mənzilin təmirini başa çatdırmayıb və bu binada yaşamır:  “10 avqust 2021-ci ildə özünü “Golden” Mənzil Ttikinti Kooperativin  icraçı direktoru kimi təqdim edən Eldəniz Hüseynli zəng edib, məndən pul tələb etdi.  Biz onun ofisində görüşdük. Mənimlə kobud davranmağa başladı və yüksək səslə qışqıraraq mənə təkidlə bildirdi ki, kommunal xərcləri vaxtlı-vaxtında niyə ödəməmisən. Mən isə cavab verdim ki, mənim evim hələ  tam təmir olunmayıb, yaşamaq üçün yararlı deyil, orada  yaşamadığım üçün də kommunal haqqını vermirəm, hazır olan kimi sizinlə müqavilə bağlayıb müqavilə əsasında kommunal xərcləri ödəyəcəyəm. Dedim ki, əgər narazılığınız varsa, məhkəməyə müraciət edə bilərsiniz.  O, isə daha da irəliyə gedərək aqresiv  formada üstümə cumdu, hətta mənə əl-qol atmağa başladı. Orada olan Elvin adında komendant araya girərək, onun qarşısını almağa çalışırdı. O məni hədələyərək bildirdi ki, məndən məcburi formada istədiyi pulları alacaq. Mən isə onun küçə söyüşlərinə və hərəkətlərinə dözməyib onun ofisini tərk elədim”.

 

Şikayətçi bildirir ki, məsələ bundan sonra daha da böyüyüb: “Maşınıma yaxınlaşanda gördüm ki, telefonum yaddan çıxıb onların ofisində qalıb. Geriyə, telefonu götürməyə qayıdarkən gördüm ki, oturduğum stolda telefon yoxdur,  onun isə oturduğu stolun üstündə iki telefon var idi.  Əlimi telefona uzadaraq soruşdum ki, bu mənim telefonumdur? O, əsəbi halda üzərimə şığayaraq məni əli ilə itələdi və ürək nahiyyəmə bir yumruq vurdu.  Mən xəstə olduğum üçün qarşılıq verə bilmədim, çünki  ürəyimdən ağır əməliyyat keçirmişəm. Bu isə məni bir neçə dəfə yumruqla vurmağa davam elədi. Elvin adlı komendant məni onun əlindən güc-bəla ilə ala bildi. Sən demə, Elvin icraçı direktorun kürəkəni imiş. Qanunla MTK-nın komendantı sakinlərin seçimi ilə müəyyənləşməlidir. Amma bu MTK-da hər şey özlərinin istəyi ilə təyin olunan qoçulardan, yəni  komendant və icraçı direktordan ibarətdir”.

 

Bundan sonra icraçı direktor kürəkəninə  tapşırıb ki,  Ramiz Əkbərovun maşınını binanın həyətinə buraxmasın. Hətta liftə minsə belə dərhal lifti söndürsün, mənzilinə isə işığın, qazın və suyun verilməsini dayandırsın.

 

Ötən həftə, oktyabrın 28-də qarşıdurma bir az da qızışıb: “Qızımın həyat yoldaşı aldığım evə gedəndə Eldəniz Hüseynli evin işığını söndürüb. Kürəkənim işığın söndürülməsinin səbəbini soruşduqda, deyib  ki, 500 manat ver, yandırım. Biz dərhal DİN-in “102” qaynar xəttinə zəng etdik. 20 saylı polis bölməsindən polis əməkdaşları gəldi.  Polislər evə baxış keçirdi.  Həqiqətən də işığın Eldəniz Hüseynli tərəfindən kəsilməsi faktı  öz təsdiqini tapdı. Eldəniz Hüseynli elə polis işçilərinin yanında da bizdən 500 manat ödəmə tələb etdi. Eldəniz Hüseynli  məni aldığım mənzilə buraxmır.  Polisə və prokurorluğa müraciət etsəm də,  yenə də məni  təhdid edərək  deyir ki, bu binadan mənzili sat get. Sonra dedi ki,  “polisə, prokurorluğa şikayət etmişdin nə oldu, xitam verdirdim””.

 

Qanunvericiliyə əsasən, MTK məhkəmə qərarı olmadan vətəndaşın mənzilinin işığını kəsmək, yaxud başqa məhdudiyyətlər qoymaq hüququna malik deyil.

 

Əgər Ramiz Əkbərovun həqiqətən kommunal borcları varsa,  “Golden” MTK məhkəməyə niyə müraciət etməyib? Bu suala cavab almaq üçün MTK-nın icraçı direktoru Eldəniz Hüseynli ilə əlaqə saxladıq.  O,  suala “Ramiz Əkbərovun həmin binada mənzili yoxdur”- deyə, cavab verdi (mənzil Ramiz Əkbərovun qızının adına rəsmiləşib, Ramiz Əkbərov özü də, həyat yoldaşı da həmin mənzildə pasport qeydiyyatındadır – red.). İcraçı direktor mənzilin işığının kəsildiyini  təsdiqlədi, lakin bunun “təhlükəsizlik məqsədilə” edildiyini söylədi. MTK-nın 141 kvadrat metr adı ilə satdığı mənzilin, əslində cəmi 132 kvadrat metr olması haqda ittihama gəlincə, Eldəniz Hüseynli buna görə onun şəxsən məsuliyyət daşımadığını dedi: “Bunu polis də, prokurorluq da araşdırıb, o vaxt 2005-ci ildə kim nə edib, bunun mənə aidiyyatı yoxdur. Bilirsiz, bu barədə görüşüb ətraflı söhbət edə bilərik. Bilirsiz,  mən Qarabağ qazisiyəm, mənim adım Eldəniz Hüseynlidir, biz ailəlikcə Qarabağ qazisiyik…”.

 

Ramiz Əkbərova gəlincə, o, pozulan hüquqlarını təmin etmək üçün həm məhkəməyə, həm də ölkə rəhbərliyinə müraciət edəcəyini bildirir. Mövzunu izləyəcəyik.

 

Basta