Vəkilin təqsirləndirilən şəxslə görüşməsinə imkan verilmir

Vəkil Nemət Kərimli artıq bir neçə gündür saxlanılan Malik Rzayevlə görüşə bilmir. Bu haqda vəkil özünün feysbuk səhifəsində məlumat yayıb.

 

Vəkil bildirib ki, noyabrın 1-də Almaniyadan deportasiya olunmuş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddələrin satışı) ittiham olunan Malik Rzayevin  hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlayıb və həmin gün orderi müstəntiqə verib, təqsirləndirilən şəxslə görüşmək üçün məktub istəyib: “Ayın 3-də məktubu aldım və müstəntiq bildirdi ki, Malik 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılır. Ayın 4-də oraya getdim, məlum oldu ki, orada yoxdu, müvəqqəti saxlama yerinə aparıblar. Müstəntiqə zəng edirəm bildirir ki, “hə deyəsən onu etap ediblər, dəqiqləşdirim sənə bildirəcəm”.

 

Bu gün isə Nemət Kərimliyə bildirilib ki, təqsirəndirilən şəxs Şüvəlandadır. Vəkil ehtimal edir ki, onun öz müvvəkkili ilə görüşünə qəsdən imkan verilmir: “Ehtimal ki, ona hansısa təzyiqlər var və buna görə onunla görüşməyimə imkan verilmir”.

 

Nemət Kərimli müvəkkili ilə görüşmək üçün Şüvəlan İstintaq Təcridxanasına getsə də, məlum oldu ki, onu yenidən Sumqayıt polisinə – müvəqqəti saxlama yerinə aparıblar. Beləliklə, artıq 5-ci gündür ki, vəkilin təqsirləndirilən şəxslə görüşünə imkan verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl Almaniyadan deportasiya olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mütəllim Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə “Turan”a AXCP-dən məlumat verilib.

 

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Partiyadan qeyd olunub ki, həbsin səbəbi onun siyasi fəaliyyəti ilə bağlıdır.

 

Mütəllim Orucov bu il iyunun 1-də Almaniyadan deportasiya olunub.

 

Basta