Azərbaycan Şuşa yaxınlığında insidentlə bağlı: “Rusiya sülhməramlılarına məlumat verilməyib”

Ötən gün Ermənistan KİV-ləri Şuşa şəhəri yaxınlığındakı su boru kəmərində işləyən mülkilərə “Azərbaycan tərəfindən açılan atəş” nəticəsində bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını bildirib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistan tərəfinin yaydığı məlumat “ciddi suallar doğurur”.

“Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”, – çərşənbə axşamı günü Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.

XİN bildirib ki, ötən gün Azərbaycan prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirib.

“Məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”, açıqlamada deyilir.

Rusiya sülhməramlıları bu hadisəyə münasibət bildirməyib.

Ermənistan mediasındakı məlumata əsasən, ötən gün saat 15:00 radələrində şəxsiyyəti “məlum olmayan” Azərbaycan hərbçisi Şuşa-Laçın avtomobil yolu yaxınlığındakı boru kəmərini təmir edənlərə “bir neçə dəfə” atəş açıb. Nəticədə 22 yaşlı Xankəndi (Stepanakert) sakini hadisə yerində ölüb, güllə yarası alan daha üç nəfərin vəziyyətinin “orta ağır” olduğu bildirilir.

Hadisədən sonra mediada Xankəndi-Laçın yolunun müvəqqəti olaraq bağlanıldığını da bildirib.

Atəşkəsin pozulması barədə son xəbərlər ötən il başa çatan müharibənin ildönümünə təsadüf edir. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Bəyanatın imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsinə və Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir. Bu ərazidə erməni əhali yaşayır.

Ötən ay sülhməramlıların məsuliyyət zonasında atəşkəsin pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən bir neçə hadisə qeydə alınıb.