Blinken Rusiyaya xəbərdarlıq edib

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Rusiyanın qonşu Ukraynaya qarşı hərbi əməliyyatlar keçirməyi planlaşdırdığını deyib və Moskvanın təcavüzkar aktları həyata keçirəcəyi təqdirdə bunun nəticələri olacağı barədə xəbərdarlıq edib.

 

“Rusiyanın Ukraynaya qarşı əhəmiyyətli aqressiv hərəkətləri, Ukraynanı daxildən sabitliyi pozmaq səyləri, eləcə də genişmiqyaslı hərbi əməliyyatlar üçün planlar hazırladığına dair sübutlardan dərin narahatıq” deyə Blinken Latviyanın paytaxtı Riqada NATO xarici işlər nazirləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

Blinken bildirib ki, “son həftələrdə” Moskva Ukrayna ilə paylaşdığı sərhədə on minlərlə əlavə hərbi qüvvə yerləşdirmək də daxil olmaqla, hərbi hazırlıqları gücləndirib.

 

O, Kremlə xəbərdarlıq edərək deyib ki, “əvvəllər istifadə etməkdən çəkindiyimiz bir sıra yüksək təsirli iqtisadi tədbirlər də daxil olmaqla, qətiyyətlə cavab verəcəyik”.

 

Blinkenin bu açıqlamaları NATO xarici işlər nazirlərinin Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzünə qarşı həmrəylik ifadə etməsindən və Birləşmiş Ştatların Blinkenin hər iki ölkədən olan həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirmək planlarını təsdiqlədikdən qısa müddət sonra verilib.

 

Dövlət Departamentinin rəsmisi bildirib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Serqey Lavrovla görüşlər cümə axşamı İsveçin paytaxtı Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.

 

Çərşənbə günü Kuleba NATO-nu Rusiyanı çəkindirmək üçün iqtisadi sanksiyaların hazırlanması və Ukraynaya hərbi dəstəyin artırılması daxil olmaqla üç istiqamətli strategiya həyata keçirməyə çağırıb.

 

Son günlər həm Rusiya, həm də Ukrayna qarşı tərəfi ortaq sərhədləri boyunca əraziyə qoşun toplamaqda ittiham edir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və Ukraynanın şərqindəki separatçı döyüşçüləri dəstəkləyib.

 

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü parlament üzvlərinə Ukraynanın Donbas bölgəsində rusiyayönlü separatçılarla münaqişənin həllinin yeganə yolunun Rusiya hökuməti ilə birbaşa danışıqlardan keçdiyini deyib.

 

“Düzünü deməliyik ki, Rusiya ilə birbaşa danışıqlar olmadan müharibəni dayandıra bilməyəcəyik” – deyə, Zelenski bildirib.

 

Çərşənbə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putin isə deyib ki, NATO-nun Ukraynanın hərbi infrastrukturunu genişləndirməsində “qırmızı xətləri” keçərsə, onun ordusu cavab vermək məcburiyyətində qarşısında qala bilər.

 

ABŞ-ın Avropa məsələləri üzrə baş diplomatı Karen Donfrid keçən həftə telefon vastisəti ilə keçirdiyi brifinqində jurnalistlərə bildirib ki, Blinken Stokholmda olarkən Belarusdakı vəziyyəti də müzakirə edəcək.

 

Blinken çərşənbə axşamı deyib ki, ABŞ Aİ ilə koordinasiyalı şəkildə Belarusa qarşı “demokratiya, insan haqları və beynəlxalq normalara davam edən hücumlarına” görə əlavə sanksiyalar hazırlayır.

 

“Amerikanın səsi”nin sualını cavablandıran Blinken deyib ki, o, Latviyanın xarici işlər naziri Edqars Rinkeviçlə birlikdə əsas diqqəti “Belarusun təəssüf ki, həm öz xalqı və onların demokratik istəklərini boğmaq, həm də miqrasiyadan Avropada bölünmə və sabitliyin pozulması üçün bir vasitə kimi istifadə etmək cəhdlərinə” yönəldib.

 

Amerikanın səsi