Tofiq Yaqublunun döyülməsi cəmiyyətdə kəskin tənqidlərlə qarşılanıb

Dekbarın 1-də “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülməsi ictimai siyasi fəallar, hüquq müdafiəçiləri, partiya rəhbərləri, jurnalistlər, siyasətçilər tərəfindən tənqidlə qarşılanıb.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun döyülməsinin sifarişinin  birbaşa ölkə başçısı olduğunu deyib.

 

“Şübhə etmirəm ki, bu qəddarlığın sifarişi birbaşa İlham Əliyevdən gəlib. Ona da şübhə etmirəm ki, cəmiyyətdə nifrət və qəzəbi artıran bu qəddarlığın ən çox zərər çəkəni elə İlham Əliyev və komandası olacaq”.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu döyənlərin dərhal araşdırılmasını tələb edib. “Dərhal araşdırma aparılmalı, bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır”.

 

Hüquq  müdafiəçisi Anar Məmmədli də Tofiq Yaqublunun döyülməsini tənqid edib.

 

“Azərbaycandakı siyasi rejim öz cinayətlər dosyesində mənfur əməllərinin sayını artırmaqda davam edir. Bir gün bu rejim tarixin arxivinə gedəcək və lənətlə xatırlanacaq.

 

Mütləq gedəcək, buna şübhəniz olmasın!”.

 

Milli Şuranın sədri Cəmil Həsənli Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsini kəskin tənqid edib. “Tofiq Yaqublunun bu fotosu 18 il ərzində İlham Əliyevin Azərbaycanda qurduğu “hüquq sistemi” və “hüquqi dövlətin” gerçək sifətidir!”.

 

Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifət nahiyəsində həmin qançırların olduğu görünmür.

 

Onun qızı Nigar Həzi məlumat yayıb ki, Tofiq Yaqublu Ələtdə sərbəst buraxılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

 

“Amma, bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaqdır”, deyə o qeyd edib.

 

Öz növbəsində, Azərbaycan hakimiyyəti dünən baş verənlərə hələlik siyasi reaksiya verməyib.

 

Turan