Məşhur alimin xatirəsinə

Azərbaycanın tanınmış tarixçi alimi, etnoloq, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının üzvü Aydın Balayev vəfat edib.

 

Aydın Balayev bu gün Yasamal Qəbirstanlığında dəfn edilib. Dəfn  mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, MSDM-in sədri İsa Qəmbər Müsavat başqanının müavinləri Gülağa Aslanlı, Fərəc Kərimli, Turan agentliyinin direktoru Mehman Əliyev, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli  və digərləri iştirak ediblər.

 

 

Aydın Balayev 1956-cı il noyabrın 19-da Bakıda anadan olub, Bakı Dövlət Universitetinin tarix fakülətsini bitirib. Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb.

 

Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda başlayıb.

 

Aydın Balayev Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünə aid bir sıra əsərlərin müəllifidir. Onlar arasında “1917-1918-ci illərdə Azərbaycanda İstiqlal Hərəkatı”, “XIX-XX əsrlərdə etnolinqivistik proseslər”, “Fevral inqilabı və Milli nailiyyətlər”, “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, “Azərbaycan Türkləri: Milli Şüur prosesləri” və s. əsərləri qeyd etmək olar.

 

Balayev sovet tarixşünaslığı tərəfindən saxtalaşdırılmış Azərbaycan Xalq Cümhuriyyəti (1918-20-ci illər) tarixini obyektiv araşdıran ilk tarixçilərdən biri olub.

 

Balayevin vətən tarixinin onillər boyu xalqdan gizlədilən şanlı səhifələrinə saldığı işıq Azərbaycan xalqının milli özünüdərkinin oyanmasına və 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın başlamasına mühüm töhfə verib.

 

Allah rəhmət eləsin.