Ermənistan insan haqlarını pozmaqda ittiham edildi
“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Ermənistanla bağlı 2020−2021-ci illər üzrə məruzəsini təqdim edib.
Məruzədə qeyd edilir ki, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət rejimi fikir ifadəsi və sərbəst toplaşma azadlığını məhdudlaşdırıb.
Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyəti ölkədə siyasi həyəcanlara və baş nazirin istefası çağırışlarına gətirib çıxarıb, siyasi böhrana səbəb olub. Noyabrın 12-də baş verən qarışıqlıqlarda iştiraka görə 12 müxalifətçi həbs edilib. Qarışıqlıqlar zamanı baş nazirin iqamətgahı dağıdılıb, parlamentin spikeri qəzəbli kütlə tərəfindən amansızcasına döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, ölkədə hakimiyyət tərəfindən söz verilmiş məhkəmə və antikorrupsiya islahatları dayandırılıb. Bu isə bir sıra fəsadlara yol açıb.
İslahatların gedişinə həmçinin Qarabağ münaqişəsi və pandemiya da təsir edib. Konflikt, pandemiya iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib.
Xəstəxanalar və ümumilikdə səhiyyə sektoru yüklənib. Onlar pandemiya və hərbi əməliyyatlar zamanı pasiyentlərin, yaralı hərbçilərin artan sayının öhdəsindən çətinliklə gəlib.
Məruzədə Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan edilmiş kassetli bombalardan istifadəsi, Azərbaycanın mülki insanların yaşadığı Bərdə şəhərinin atəşə tutulması qeyd edilib.
Fövqəladə vəziyyət rejimi çərçivəsində 20-dən çox insanın toplaşması və pandemiya haqqında “qeyri-rəsmi informasiya”nın yayılması qadağan olunub.
Hakimiyyət 20 nəşrə “əhali arasında çaxnaşmanın yayılmasına töhfə” verdikləri məlumatları düzəltməyə və ya silməyə məcbur edib. Yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidlərindən sonra media məhdudiyyətləri aradan qaldırılıb. (report)