Paşinyan: “Əvvəlki hakimiyyət Qarabağın Azərbaycandan kənarda olmasına şans buraxmayıb”
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Köçəryan-Sarkisyan hakimiyyətini Qarabağla bağlı danışıqlarda çıxılmaz vəziyyət yaratmaqda ittiham edib.
Parlamentdə hökumət saatı zamanı Paşinyan qeyd edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra ona miras qalan danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycandan kənarda qalmasını nəzərdə tutmayıb.
“Siz hələ də bir kəlmə də danışmamısız ki, özünüz müharibənin qarşısını necə alardız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə edərdiniz ki, müharibə olmasın. Mən deyirəm, müharibənin qarşısını almağın yeganə yolu Dağlıq Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılması idi”, – deyə Paşinyan müxalifət fraksiyalarına təpinib.
O, hər an bunu sübut etməyə hazır olduğunu deyib. Baş nazir əlavə edib ki, o, tam məsuliyyətlə bəyan edir: əvvəlki hakimiyyət Qarabağın Azərbaycandan kənarda olmasına nəzəri imkan belə qoymayıb. O, sələflərini də ordunu və ölkəni talamaqda ittiham edib.
Baş nazirin bu sözlərindən sonra parlamentdə qışqırıqlar və söz atışması başlayıb.
Basta