Müsavat: “KİV haqqında yeni qanun senzuranın gücləndirilməsinə hesablanıb”
KİV haqqında yeni qanun Azərbaycanda söz və media azadlığının boğulması, siyasi senzuranın gücləndirilməsi istiqamətində növbəti addımdır.
Bu barədə Müsavat Partiyası açıqlama yayıb. Açıqlamada deyilir ki, bu layihənin ictimai müzakirələr təşkil edilmədən Milli Məclisdə
ikinci oxunuşda qəbul edilməsi hakimiyyətin media resurslarını tamamilə nəzarətə götürmək istəyindən irəli gəlir.
“Qanunun 55-ci maddəsinə əsasən, Azərbaycanda İnternet və mobil platformalara lisenziyalaşdırılma tətbiq edilir ki, bu da dövlət tərəfindən təkcə KİV-lərin, jurnalistlərin yox, bütün vətəndaşların informasiya təşəbbüsləri üzərində formal olaraq dolayı, lakin əslində birbaşa senzuranın tətbiq edilməsidir. Qanun layihəsinə belə mürtəce müddəaların daxil edilməsi jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılması, KİV in hakimiyyətdən asılılığının daha da artırılması məqsədi daşıyır.”– deyə açıqlamada vurğulanır.
Azərbaycan hakimiyyəti bu qanunu qəbul etməklə, nəinki ölkə ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına nəzarəti gücləndirmək, hətta ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan cəmiyyətinə istiqamətlənmiş bütün media subyektlərini, habelə jurnalistləri inzibati strukturlardan tam asılı vəziyyətə salmaq istəyir.
Müsavat Partiyası KİV haqqında yeni qanunun qəbulu prosesinin dayandırılmasını, layihə ilə bağlı müstəqil medianın təmsilçilərinin iştirakı ilə içtimai müzakirələrin təşkilini, Azərbaycanda söz və ifadə azadlığının boğulması, siyasi senzuranın möhkəmləndrilməsi istiqamətində addımlara son qoyulmasını tələb edir.
Basta