Fil kəndiri dartsa
İlqar Atabəyli
Orta əsrlərdə Hindistandan İstanbula gələn tacir böyük bir filin üzərində bazarın heyvan saxlanılan hissəsinə daxil olur. Tacir filin belindən yerə düşüb, heyvanların bağlandığı yerə çatır. Əlindəki nazik kəndirin bir ucunu filin qabaq ayağına, o biri ucunu isə heyvanların bağlanması üçün nəzərdə tutulmuş dirəyə bağlayır. Sakit şəkildə bazarda al-verini etmək üçün qapıya yaxınlaşır.
Onun hərəkətlərini kənardan müşahidə edən, ömründə heç vaxt fil görməyən heyvan baxıcısı əsəbi şəkildə deyir:
-A kişi, hara belə? Bu boyda fili nazik kəndirlə eşşək bağlanan dirəyə bağlayıb, belə əmin-arxayın hara gedirsən? Bəs fikirləşirsən ki, fil nazik kəndiri dartıb qırar? Sonra onun qabağına kim dayanacaq? Bazarı dağıdar…
Tacir cavab verir:
– Narahat olma, qıra bilməz.
-Necə qara bilməz? O nazik kəndiri arıq eşşək də qırar. Niyə belə arxayın danışırsan, fil kəndiri dartan kimi qıracaq.
– A kişi, fil kəndiri dartmayacaq, arxayın ola bilərsən.
– Hardan bilirsən ki, dartmayacaq? Birdən dartındı, kəndir qırıldı. Onda necə olacaq?
Tacir heyvan baxıcısına lap yaxınlaşır:
– Bu fil anadan təzə doğulmuşdu, həmin kəndirlə onun ayağını dirəyə bağladım. Bir neçə gün dartındı, kəndiri qırmaq istədi. Ha çalışdı, atıldı-düşdü, qıra bilmədi. Tam sakitləşdi. O vaxtdan 30 il keçib, hələ də elə bilir ki, həmin nazik kəndiri qırmağa gücü çatmaz. Bir dəfə də olsun kəndiri dartmağa təşəbbüs göstərməyib…
Nə demək istədiyim anlaşılırmı? Bu bir psixoloji məsələdir. Avtoritarizmi güclü və yenilməz edən kütlə psixologiyasında kök atmış əsarət zəncirini qıra bilməmək qorxusudur.