“Laçın dəhlizini nəzarətə götürmək lazımdır”-Politoloq
Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Belə çıxır ki, rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekresi arzuolunmaz şəxs elan edə bilər. Ancaq bu, çıxış yolu deyil:
“Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi almadan ərazimizə daxil olub erməni separatçıları görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq”.
E.Şahinoğlunun sözlərinə görə, Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və digərləri də Azərbaycana qanunsuz daxil olacaqlar.
“Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəli dövlətlərlə münasibətlərdə gərginliklər yaşayaq.
Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır.
Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.
Modern.az