Müsavat başqanından bayram təbriki

Müsavat Partiyasının başqanı Arif Hacılı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

 

“Əziz həmvətənlərim!

 

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə qarşıdan gələn 2022-ci ildə uğurlar arzulayıram.

31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi 88-ci ildə başlayan xalq hərəkatının mühüm mərhələsi oldu.

Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən yaylmasına təkan verdi.

 

Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.
1992-ci prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.
Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu. Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı.

 

Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təəssüf ki, hakimiyyətin xalqın mənafelərini əks etdirməyən siyasəti nəticəsində yola saldığımız il də dövlətimiz üçün itirilmiş imkanlar ili oldu.
“Sülhməramlı qüvvələr” adı altında ərazimizdə yerləşdirilən Rusiya hərbi qüvvələri Yuxarı Qarabağı nəzarət altında saxlamaqda, dövlət suverenliyimizi təhdid etməkdə davam etdi.

Ölkədə demokratik, azad cəmiyyətin qurulması istiqamətində addımlar atılmadı. Vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması, avtoritar üsul-idarə sisteminin möhkəmləndirilməsi davam etdi.
Belə idarəçilik nəticəsində ölkə həm siyasi, həm də sosial-iqtisadi böhran içindədir.
Cəmiyyətdə təbəqələşmə daha da dərinləşir.
Bir qrup adamın hədsiz varlandığı bir dövrdə əhalinin böyük hissəsi yoxsulluq və ehtiyac içində yaşamağa məhkum edilib.

Bu il də xalqın güzəranının yaxşılaşması üçün vəd olunan islahatlar həyata keçirilmədi.
Fundamental insan haqlarının pozulma halları yenə kütləvi xarakter daşıdı.
Siyasi məhbuslar azadlığa buraxılmadı.
Bu vəziyyəti dəyişmək, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm siyasi, həm iqtisadi sahədə bərabər imkanlar şəraitinə nail olmaq bir toplum olaraq bizdən, bizim fəallığımızdan asılıdır.
44 günlük Vətən Müharibəsi də göstərdi ki, xalqımız ən çətin, bəzən həlli kimlərəsə mümkünsüz görünən problemləri də həll etməyə qadirdir.
İnanıram ki, 2022-ci il ümummili problemlelərimizin həlli, Azərbaycanın həqiqi inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda ciddi irəliləyiş ili olacaqdır.

 

Əziz həmvətənlər!

 

Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayır, hamınızı layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram.