Dövlət ittihamçısı Eldar Həsənova 11 il həbs istəyib
Cümə günü, yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əfqan Hacıevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.
“Eldar Həsənov dövlət ittihamçısının çıxışını çox sakit və təmkinlə qarşıladı. Çünki, biz bir neçə gün öncə ölkə prezidentinə müraciətimizdə də yazmışıq ki, bu iş sifarişlidir,” o, qeyd edib.
Növbəti məhkəmə iclası yanvarın 14-nə təyin edilib. Yanvarın 14-də vəkillər müdafiə çıxışı edəcək.
Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata ayrılıb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib, şərti cəzaya məhkum ediliblər.
Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O cərrahi əməliyyata məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.
Həsənova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Həsənov Rumıniyada, Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Azərbaycanın səfiri vəzifəsində işlədiyi dövrdə vəsaiti mənimsəməkdə ittiham olunur. Söhbət səfirlik binalarının təmiri və alınması zamanı 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsinə təyin olunub.