Xocavənddə avtobus qəzası nəticəsində yaralanan 21 nəfərdən 11-i Türkiyə vətəndaşıdır
Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib:
“Onlardan 11-i Türkiyə vətəndaşıdır. Xəsarət alan 13 nəfərdən 2-si reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir”.
10:48
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün Xocavənddə subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb.
Agentlikdən bildirilib ki, qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.
Qəza ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb.
10:16
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bununla bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından isə Oxu.Az-a verilən məlumata görə, yaralılardan beş nəfər xəstəxanada, həkim nəzarətində saxlanılır. Onların vəziyyəti stabildir.
Qeyd edək ki, qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub. Hadisənin baş vermə səbəbləri və digər detallar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Oxu.az