Sərhəddə atışma: ölən və yaralananlar var
Yanvarın 11-də Ermənistanın Azərbaycan orsudunun Kəlbəcər istiqamətindəki postuna hücumu nəticəsində bir hərbçimiz şəhid olub.
Hərbi mənbələrdən “Qafqazinfo”ya daxil olan məlumata görə, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib.
İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçiləri məhv edilib, çoxlu sayda yaralılar var.
Mənbə bildirib ki, Azərbaycan bundan sonra da İsrail ordusunun tətbiq etdiyi metoddan istifadə edəcək – hər bir itkimizin əvəzində düşmən cavabını beşqat alacaq.
Ermənistan tərəfi, üç hərbçisinin öldüyünü, ikisinin isə yaralandığını bildirib.
***
Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı məlumatında deyilir:
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb.
Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.