Saatda 190 kilometr. İmişlidə yol qəzası törədən PPX maşını təxminən bu sürətlə hərəkətdə olub

İmişlidə yanvarın 18-də baş verən faciəli qəza ilə bağlı bir sıra açıq suallar var:

1. Qəzanın baş verdiyi yol birtərəfli yoldur, yoxsa ikitərəfli? Əgər yol ikitərəflidirsə, bu halda qəzanın tək günahkarı PPX avtomobilinin sürücüsüdür. Çünki bu halda, o, yolun sağ tərəfi ilə sürmək əvəzinə, sol tərəfə çıxıb və qarşıya çıxan Mersedeslə sərt toqquşmadan yayınmaq istədikdə idarəetməni itirib, səkidəki uşaqları vurub.

2. Əgər yol birtərəflidirsə, o halda yola girən Mersedesin sürücüsü qəza vəziyyəti yaradıb. DİN-in məlumatına görə, Mersedesin sükanı arxasında 17 yaşlı yeniyetmə olub. Sürücülük vəsiqəsi olmadan maşın sürmək istənilən halda qanun pozuntusudur. Ehtimal etmək olar ki, yol hərəkəti qaydasını pozan təcrübəsiz uşaq “QAİ”ni görüncə təlaşa düşüb və maşını yolun ortasında saxlayıb. Mersedes qəza vəziyyəti yaradıb, amma bu o demək deyil ki, PPX maşını mütləq bu qəzanı törətməli idi. DİN-in ikinci videosunda görünür ki, PPX avtomobili siqnal verərək yüksək sürətlə təxminən 320-400 metr məsafəni qət edir (yolun kənarındakı ən azı 8 işıq dirəyini keçir – onların arasında məsafə adətən 40-50 metr olur). Yəni Mersedesin dönüşü o qədər də qəfil olmur. Bəs niyə bu qədər uzun müddətdə siqnal verən və sayrışan işıqlardan istifadə edən PPX əməkdaşı vaxtında əyləcə basmır? Vaxtında maşının sürətini azaltsa, onu saxlaya, yaxud səkiyə çıxmadan Mersedesin qarşısından yolun sağı ilə hərəkətini davam etdirə bilərdi. Bəs niyə əyləcə basmayıb? Bəlkə o vərdiş edib və hesab edib ki, PPX əməkdaşı olduğu üçün, siqnal verərkən hər kəs onun yolundan çəkilməlidir? Bəlkə içkili, yaxud hallı olub?

3. Videoda görünür ki, PPX siqnal verməyə başladığı andan uşaqları vuranadək 6 saniyə vaxt keçir. Yəni, təxminən 320 metr məsafəni 6 saniyəyə qət edib.

320:6=1saniyə/53 metr.
53×60 saniyə = 1dəq / 3180 metr.
3180 x 60 dəq = 1 saat/190800 metr.

PPX təqribən saatda 190 kilometr sürətlə hərəkət edib.

DİN Mersedes sürücüsünün yaşı da daxil olmaqla bir sıra detallara diqqəti cəlb etdiyi halda,  PPX avtomobilinin fantastik sürətlə hərəkət etməsinə niyə əhəmiyyət vermir?

İnanmaq istəyirəm, amma inana bilmirəm ki, istintaq bu suallara obyektiv və ədalətli cavab verəcək.

Mustafa Hacıbəyli