Nərimanov polisində hüquq müdafiəçiləri döyülüb. Daxili İşlər Nazirliyi həmişə olduğu kimi, təkzib edir

Cümə axşamı günorta saatlarında hüquq müdafiəçisi Rüfət Səfərov və onun həmkarı Zaur Əkbər Bakının Nərimanov Polis İdarəsində saxlanılaraq döyülüblər.

 

Özbaşınalığa səbəb fevralın 17-də səhər saatlarında yük maşınları Heydər Əliyev prospektini bağlayan şirkət rəhbəri Rəmiş Cəfərovun saxlanıldığı polis idarəsinə   hüquq müdafiəçilərinin gəlməsi olub.

 

Saxlanılan şəxsin atası Zəkran Cəfərovla birlikdə hüquq müdafiəçiləri oun taleyi ilə maraqlanıblar. Lakin polis onlara qarşı zorakılıq tətbiq edib. Onları təhqir edib döyüblər. Zaur Akperi yerə yıxaraq təpiklə vurublar. Zorakılıq təhqir və hədələrlə müşayiət olunub. Bütün bunları hüquq müdafiəçiləri azadlığa çıxanda axşam saatlarında deyiblər.

 

Saxlanılan şəxsin atası öz növbəsində jurnalistlərə bildirib ki, günorta saatlarında mülki geyimli 15-ə yaxın polis onun evinə soxularaq oğlunu tutub aparıblar. Eyni zamanda bütün ailə üzvləri, o cümlədən yaşlı valideynlər və azyaşlı uşaqlar fiziki zorakılığa məruz qalıblar.

 

“Polis hasarın üstündən aşıb, damdan  düşüb, sanki terrorçunu tuturdular. Sənədləri təqdim etmədən və heç nə izah etmədən. Evimizdəki təhlükəsizlik kameralarının yaddaş kartını da oğurlayıblar. Sonra bizim qonşuların evlərindəki eyni kartları aparıblar. Bu, tam özbaşınalıq və qanunsuzluqdur”, – deyə həbs edilən sürücünün atası bildirib.

 

Hüquq müdafiəçiləri polisin növbəti qanunsuz hərəkətindən hədsiz hiddətini ifadə edərək, Daxili İşlər naziri Vilayət Eyvazovdan təqsirkarların cəzalandırılmasını tələb ediblər.

 

Görünür, nazir başqa planetdə yaşayır və tabeliyində olanların nə işlə məşğul olmasından xəbəri yoxdur, deyə Rüfət Səfərov bildirib.

 

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri həmişə olduğu kimi hüquq müdafiəçilərinin yalan danışdığını və belə bir şeyin olmadığını bildirib.

 

Turan