Rövnəq Abdullayev niyə vəzifədən azad edildi?
Rövnəq Abdullayev SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) prezidenti vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev cümə axşamı günü belə qərar verib və başqa bir qərarla onu iqtisadiyyat nazirinin müavini təyin edib.
İndiyədək iqtisadiyyat nazirinin müavini olmuş Elnur Əliyev bu vəzifədən azad edilərək, eyni qurumda iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
İqtisadiyyat nazirinin birinci müavini olmuş Rövşən Nəcəf isə Prezident Əliyevin qərarı ilə SOCAR-ın birinci vitse-prezidenti təyin olunub.
Rövşən Nəcəf həmçinin SOCAR-ın prezidenti təyin edilənədək, bu vəzifəni müvəqqəti icra edəcək.
57 yaşlı Rövnəq Abdullayev 2005-ci ildən etibarən SOCAR-ın Prezidenti idi.
.
“Təmiz kadrlar”
.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, Dövlət Neft Şirkətində aparılan kadr dəyişikliyi, bu sahədə olan “neqativ halların aradan qaldırılmasında mühüm rol oynayacaq”.
.
Təxminən bir il əvvəl Dövlət Neft Şirkətinin nəznində Müşahidə Şurasının yaradıldığına diqqət çəkən Vahid Əhmədov, şuraya sədrliyin iqtisadiyyat naziri Mikayıl Cabbarova tapşırılmasını da təsadüf hesab etmir.
.
.
“Mikayıl Cabbarov bu müddət ərzində şirkətdə baş verən neqativ hallarla bağlı kifayət qədər məlumatlar toplayıb. Görünür, bu qərar da, müşahidə şurasının apardığı uzunmüddətli analizlərdən sonra verilib,” – Vahid Əhmədov deyib.
Milət vəkilinin fikrincə, dəyişikliklərin əsas səbəbi ondan ibarətdir ki, yeni gətirilən kadrlar kifayət qədər “təmiz” kadrlardır.
“Yəni bunlar rüşvətə, korrupsiyaya bulaşmayıblar. Yeni kadrların hamısı xaricdə təhsil alıblar. Ona görə də, onlar rüşvətə meylli deyillər,” – parlament üzvü BBC News Azərbaycancaya bildirib.
Təhlil
.
Redaksiya, BBC Azərbaycanca
.
Rövnəq Abdullayevin oğlunun 1 milyon dollarlıq saatının oğurlanması barədə xəbərlərdən sonra onun vəzifədən gedəcəyi gözlənilirdi.
.
Ancaq Azərbaycanda iqtidarın nüfuzunu ləkələyən və ölkədə narazılıqla qarşılanan bu hadisənin üzərindən 3 ilə yaxın keçəndən sonra hələ indi Prezident Əliyev onu SOCAR rəhbərliyindən alıb, daha aşağı vəzifəyə göndərdi.
BBC-yə danışan millət vəkili Vahid Əhmədov deyir ki, İlham Əliyev “onunla işləyən” kadrlara cəza vermir.
Rövnəq Abdullayevin rəhbərliyi altında dövlət neft şirkətinin adı neft pullarının mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı beynəlxalq hesabatlarda çox hallanıb.
2013-cü ildə Global Witness təşkilatı hesabatında deyirdi ki, Anar Əliyev adlı şəxs ARDNŞ ilə əlaqəsi olan şirkətlərdə, bir çox hallarda heç bir tender aparılmadan 50-yə yaxın paya sahib olub.
Ötən ay beynəlxalq araşdırmaçı jurnalistlərin təşkilatı OCCRP-nin dərc etdiyi təhqiqatda SOCAR-a məxsus Bos Şelf şirkətində korrupsiya və nepotizm iddiaları yer alıb. SOCAR bu iddiaları rədd edib, amma araşdırma aparacağını da bildirib.
Millət vəkili Vahid Əhmədov Rövnəq Abdullayevin iqtisadiyyat nazirinin müavini təyin edilməsini belə qiymətləndirir:
“İlham Əliyev həmişə müəyyən dəyişikliklər edəndə, onunla işləyən köhnə kadrlara heç vaxt ciddi cəza vermir. Prezident o vaxt ciddi cəza verir ki, onlar yalan danışırlar, böyük korrupsiyaya yol verirlər və sair. Rövnəq Abdullayev də uzun müddətdir işləyir. Neft sahəsində onun da müəyyən uğurları olub. Bütün bunları nəzərə alaraq, onu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edib.”
.
SOCAR-da dəyişiklik olacaqmı?
.
Neft bazarları üzrə təhlilçi İlham Şabah isə bildirib ki, Dövlət Neft Şirkətinin 5 noyabr 2020-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinə verilməsindən sonra, şirkətdə “ciddi kadr” dəyişikliklərinin olacağı gözlənilən idi.
.
.
.
Onun sözlərinə görə, nəzarətedici qurum olan Ümumi Yığıncağın təsis olunmasından sonra isə 2006-ci ildən bəri qüvvədə olan “vertikal idarəetmə” forması, “kollegial idarə sistemi” ilə əvəzləndi.
“Sadə dillə ifadə etsək, bu qərar idarəetmədə daim əsas rol oynayan şirkətin prezidentinin səlahiyyətlərinin xeyli azaldılması idi. Hazırki dəyişiklik isə onu deməyə əsas verir ki, şirkətin başına neftə və qaza aidiyyatı olmayan şəxs gəlir. O, sadəcə menecer funksiyası daşıyacaq, əsas idarəetmə isə kollegial formada aparılacaq,” – İlham Şaban bildirib.
40 yaşlı Rövşən Nəcəf ötən ilin dekabrından bəri iqtisadiyyat nazirinin birinci müavini təyin olunmuşdu.
39 yaşlı Elnur Əliyev iki ilə yaxın idi ki, nazir müavini vəzifəsini icra edirdi.
.
BBC