Müharibə başladı: Xilasın yeganə yolu Rusiyanın Ukraynada uduzmasıdır

Putin Ukraynaya müharibə elan etdi. Artıq təkcə Donetsk yox, Ukraynanın bir çox şəhərləri, o cümlədən Odessa və Borispol şəhərləri Rusiyanın atəşinə məruz qalıb.

 

Putinin bu gecə verdiyi bəyanat sübut edir ki, Putinin dərdi Ukrayna deyil, bütün dünyadır. Necə ki 1939-cu ildə Hitler Polşanı tutmaqla kifayətlənmədi, sonra digər qonşularına hücum etdi, eynən Putin də Ukraynanı tuta bilsə, bununla kifayətlənməyəcək.

 

O bütün dünya ilə haqq-hesab çəkmək niyyətindədir və buna nail olmaq üçün Ukraynanın işğalından sonra keçmiş SSRİ- ni bərpa etməyə, deməli, həm də Azərbaycanı yenidən işğal etməyə girişəcək.

 

Necə ki, Ribentrop-Molotov sazişi o zaman SSRİ-ni nasist Amaniyasının hücumundan xilas etməmişdi, dünən bağlanan Putin-Əliyev sazişi də Azərbaycanı Rusiyanın hucumundan xilas etməyəcək.

 

Xilasın yeganə yolu Rusiyanın Ukraynada uduzmasıdır.

 

Ona görə bütün dünya, o cümlədən Azərbaycan və Türkiyə Rusiyanın qarşısına çıxmalı, beynəlxalq hüququn tapdalanmasına imkan verməməli, bizim və bütün dünyanın azadlığı naminə Putinin cinayətkar rejimini məğlub etməlidir.

 

Yaşa Ukrayna!

 

Mustafa Hacıbəyli