Ukrayna kilsəsinin rəhbəri rusiyalı həmkarına müraciət etdi: “Heç olmasa əsgərlərinizin cəsədlərinə sahib çıxın”
Ukrayna Pravoslav Kilsəsinin rəhbəri mitropolit Epifani Moskva Patriarxı Kirillə müraciət edərək Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərinin Rusiyaya qaytarılmasını xahiş edib.
Metropolit yazıb ki, Rusiyanın Ukraynaya qarşı əsassız genişmiqyaslı təcavüzü artıq dördüncü gündür ki, davam edir, milyonlarla insan əziyyət çəkir, hərbçilər və mülki şəxslər ölür: “Təəssüf ki, əvvəlki açıqlamalarınızdan artıq aydın olur ki, Putinin və Rusiya Federasiyasının rəhbərliyinin rəğbətini qorumaq sizin üçün insanların həyatından daha vacibdir. Ancaq yenə də ümid edirəm ki, heç olmasa, əksəriyyəti pravoslav xristianlar olan öz həmvətənlərinizə münasibətdə insanlıq və qayğı göstərmək üçün mənəvi güc tapacaqsınız”.
Epifani izah edib ki, söhbət cəsədləri Ukraynada olan üç mindən çox rus hərbçisindən gedir. O, xatırladıb ki, Ukrayna Qırmızı Xaç Cəmiyyətindən ölənlərin cəsədlərinin ailələrinə qaytarılması üçün kömək istəyib, lakin Rusiya tərəfdən cavab alınmayıb.
“Ona görə də mən Rus Pravoslav Kilsəsinin rəhbəri kimi sizə müraciət edirəm – heç olmasa öz vətəndaşlarınıza mərhəmət edin. Əgər təcavüzə qarşı səsinizi ucalda bilmirsinizsə, heç olmasa, rus əsgərlərinin cəsədlərinin götürülməsinə kömək edin. Rəbbimiz sizə heç olmasa bunun üçün mənəvi güc versin, xüsusən də bu gün – bazar günü qiyamətin xatirəsinə!” – deyə, din xaimi vurğulayıb.
Basta