Müsavat hakimiyyətdən sərhəddə qalan vətəndaşlara sahib çıxmasını tələb edir – Bəyanat

Rusiyadan Azərbaycana gəlmək istəyən yüzlərlə soydaşımız sərhədin bağlı olması səbəbilə Dağıstanın meşələrində əziyyət çəkməkdədir.

 

Rusiya sərhədçiləri soydaşlarımızı Dərbənd yaxınlığındakı Macalis yaşayış məntəqəsində fəaliyyət göstərən sığınacağa yönləndirir. Lakin ölkəmizə qayıtmaq istəyənlərin sayı çox olduğu üçün, onlar bu düşərgəyə yerləşmir, insanlar yağışlı-qarlı havada açıq səma altında  gecələmək, antisanitariya şəraitində  ac-susuz yaşamaq məcburiyyətində qalırlar.

 

Azərbaycan hakimiyyəti bu problemi “Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər” ilə əlaqələndirir.  Bundan əvvəlki praktikada TƏBİB ayda bir dəfə sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onların keçidini təmin edib.

 

Xarici İşlər Nazirliyinin məlumatına görə, sonuncu dəfə fevralın 28-də qeydiyyata alınmış 540 nəfərin “Yaraq Qazmalar – Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.

 

Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Rusiya ağır sanksiyalar və iqtisadi böhranla üzləşib, nəticədə dolanışıq dalınca bu ölkəyə gedən soydaşlarımızın bir hissəsinin Azərbaycana köçü başlayıb. Eyni zamanda təyyarə uçuşlarının dayandırılması problemin böyüməsinə təkan verir.  Belə bir durumda sərhədi quru yol ilə keçmək istəyən vətəndaşlarımızın, onlar üçün ayrılan sığınacağa yerləşməməsi təbiidir.

 

Analoji problemlərlə Ukraynadan Azərbaycana qayıdan vətəndaşlarımız Moldova ərazisində üzləşməkdədirlər.

 

Müsavat Partiyası Rusiyadan və Ukraynadan Azərbaycana köçün getdikcə artacağı barədə xəbərdarlıq edərək, Azərbaycan hakimiyyətindən ölkə vətəndaşlarına sahib çıxmasını,  soydaşlarımızın sərhədi keçməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.

 

Basta