Azərbaycanı avtoritar rejim idarə edir – Freedom House
Freedom House Beynəlxalq hüquq müdafiə təşkilatı dünya ölkələrində azadlıq vəziyyəti haqqında ənənəvi məruzəsini dərc edib.
Məruzədə azadlıq səviyyəsi bir neçə parametr əsasında qiymətləndirilir: siyasi hüquqlar və mülki azadlıqlar; internetin azadlığı, demokratik idarəetmənin səviyyəsi.
Birinci parametr üzrə Azərbaycan qeyri-azad ölkələr sırasına aid edilib.
Bu bölmədə dünyanın 210 ölkəsində və ərazisində insanların siyasi hüquq və vətəndaş azadlıqlarından, səs vermək hüququndan fikri ifadə etmək azadlığına və qanun qarşısında bərabərliyə qədər fərdi azadlıqlardan istifadə etmək imkanı qiymətləndirilir.
İkinci bölmədə dünyanın 70 ölkəsində internet azadlığının səviyyəsi qiymətləndirilir. Burada da Azərbaycan qeyri-azad ölkələr arasındadır.
Üçüncü bölmədə Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər 29 ölkədə demokratik idarəetmə səviyyəsi ölçülür. Demokratiyanın qiymətləndirilməsinə milli idarəetmə, seçki prosesi, müstəqil KİV, vətəndaş cəmiyyəti, məhkəmə sistemi reytinqləri, həmçinin korrupsiyanın səviyyəsi daxildir.
Üçüncü bənd üzrə Azərbaycan möhkəmlənmiş avtoritar rejimin mövcud olduğu ölkələr sırasına aid edilib.
“Azərbaycanı otuz ilə yaxındır hakimiyyətdə olan Əliyevlər ailəsi tərəfindən nəzarət olunan avtoritar rejim idarə edir. Vaxtaşırı Qərb tənqidçilərini sakitləşdirmək üçün addımlar atan hökumət heç vaxt struktur islahatları həyata keçirməyib”, deyə məruzədə qeyd edilir.
Azərbaycanda müstəqil KİV-lərin işlədiyi həddindən artıq məhdud mühit daha da repressivləşib. KİV haqqında qanuna edilmiş düzəlişlər indi hakimiyyətin sosial şəbəkə istifadəçilərini İnternetdə fikirlərini ifadə etdiklərinə görə təqib etmək imkanı verir.
2020-ci ildə təhlükəsizlik xidmətlərinin həyata keçirdiyi bir neçə səs-küylü anti-korrupsiya əməliyyatına baxmayaraq, korrupsiya hər yerdə mövcud olan bir təzahürdür.
Azərbaycanın bütün siyasi elitası hakimiyyətdən şəxsi məqsədlərlə sui-istifadə edərək zənginləşib. Onlar həmçinin xaricdə nüfuz əldə etmək üçün ölkənin neft sərvətlərindən istifadə ediblər.
Azərbaycanda internetin azadlığı pisləşib və dövlət əvvəlki kimi informasiya və kommunikasiya texnologiyaları sektoruna nəzarət edir.
Praktiki olaraq düzəlməyən, İnternetə qoşulmanı zəifləşdirən və çoxları üçün əlçatmaz edən infrastruktur problemləri mövcud olub.
İnternetdə narazılıq ifadə edənlər Azərbaycanda yaşayırlarsa, təqib ediləcəklərini və hakimiyyət və hökumətyönlü trollar tərəfədinən qorxudulma riski ilə üzləşəcəklərini gözləyə bilərlər.
Belə ki, onlarla fəal hökumətin siyasətini, müharibə əleyhinə əhval-ruhiyyəni və digər fəaliyyəti onlayn tənqid etdiyinə görə məsuliyyətə cəlb edilib. Müstəqil jurnalistlər hüquq-mühafizə orqanları və Dövlət Təhlükəsizliyi Xidmətləri tərəfindən təqiblə üzləşməyə davam ediblər.
Turan