“Nikolun istifadə müddəti”: Putinlə Paşinyan arasında nə baş verir?
Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin nəticələrinə gorə Rusiyanı günahlandırması və rəsmi Moskvanın buna cavabı rezonans doğurub.
Xəbər verdiyimiz kimi, “44 günlük müharibənin mənbələri” adlı məqaləsində, Nikol Paşinyan Ermənistan üçün faciə kimi qiymətləndirdiyi bu nəticənin əslində Rusiyanın planı olduğunu ifadə edib.
Nikol Paşinyan yazıb ki, 2015-ci ildən sonra Rusiya Ermənistana 7 rayonu qaytarmağı, Qarabağa sülhməramlı gətirməyi təkid edib. Qarabağın statusu isə Rusiyanın gündəmində olmayıb.
ATƏT-in Minsk Qrupunda Rusiyanın həmsədri İqor Popov Nikol Paşinyanın yazısını şərh edib. Bu şərhin Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilməsi, həmin cavabın birbaşa Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə verildiyinə şübhə yeri qoymur.
Popov Paşinyanın ittihamlarına cavab olaraq deyib ki, “Rusiyanın 7 rayonu “boş yerə” qaytarmaq, status barədə unutmaq və sakitləşmək təklif etməsi barədə iddialar həqiqətə uyğun deyil”.
Rusiyalı həmsədr deyib ki, bir neçə ildir danışıqlar masasında müzakirə olunan və 2019-cu ilin iyununda son redaktədə tərəflərə təqdim olunan Rusiyanın təkliflərində əvvəlcə məlum 5 rayonun qaytarılması, sonrakı iki rayonun isə yalnız və yalnız “status məsələsi”nin həllinə paralel şəkildə verilməsi nəzərdə tutulub.
Popov Azərbaycana qarşı qurulmuş bu mənfur ssenarinin son nöqtəsini qoyan detalı açıqlayıb: “Masa üzərindəki təkliflərdə yekun statusla bağlı son məqsəd olaraq göstərilib: “Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi üçün BMT və ATƏT-in nəzarəti altında Dağlıq Qarabağ əhalisinin azad iradəsini əks etdirən ümumxalq səsverməsinin keçirilməsi və nəticələrin beynəlxalq hüquq normalarına uyğun olaraq, məcburi hüquqi xarakter daşıması nəzərdə tutulur. Həmçinin, səsverməyə çıxarılan suallara heç bir məhdudiyyət qoyulmayacaq və istənilən nəticəyə tərəflər hörmətlə yanaşacaq. Yeri gəlmişkən, hətta Laçın koridorunun eni də ikinci etapda, yəni Laçın və Kəlbəcər rayonlarının qaytarılmasına paralel şəkildə müəyyən edilməliydi.”
Rusiyanın Dağlıq Qarabağla əlaqədar bu mövqeyi qəbuledilməzdir və şübhəsiz ki, buna Azərbaycan dövləti səviyyəsində sərt cavab verilməlidir. Amma bu yazının mövzusu Putinin Paşinyanla münasibətləridir.
Ermənistan baş nazirinin məqaləsi yanvarın 4-də dərc edilsə də, rəsmi Moskva yalnız yanvarın 13-də ittihamlara cavab verib. Belə görünür ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 11-də Moskvada təşkil etdiyi üçtərəfli görüş ərəfəsində rəsmi Yerevanla münasibətlərinin o qədər də isti olmadığını biruzə vermək istəməyib. Və yaxud istisna deyil ki, Moskvadakı görüş zamanı Nikol Paşinyanın davranışı Vladimir Putinin səbr kasasında son damla olub.
Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının yanvarın 11-də Moskvadakı görüşündən sonra keçirilən brifinqdə Vladimir Putin danışıqların səmərəli olduğu barədə danışsa da, Nikol Paşinyan əsas məsələlər barədə razılığa gəlinmədiyini açıqladı.
İstənilən halda, Putin öz açıqlamasında dünya ictimaiyyətini bu görüşün uğurlu olduğuna inandırmağa çalışsa da, üzündəki ifadə onun məyusluğundan xəbər verirdi.
İqor Popovun Nikol Paşinyana cavabı fonunda Vladimir Putinin əsas ruporlarından biri sayılan Marqarita Simonyanın rəhbərlik etdiyi Sputnik agentliyi də Nikol Paşinyanın Rusiya siyasətinin sərt tənqidinə girişib.
Sputnik Ermənistana açıqlama verən Viqen Akopyan adlı siyasi texnoloq, Nikol Paşinyanı Rusiya ilə oyun oynamaqda suçlayıb. Akopyanın fikrincə, Ermənistanın baş naziri yanvarın 4-də yazdığı məqalədə Rusiyanı günahlandırmaqla Qərbə, konkret olaraq ABŞ-ın yeni prezidenti Co Baydenə mesaj ötürüb.
Kremlin xoşuna gəlməyən daha bir məsələ Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində Fransa prezidenti Emmanuel Makrona zəng etməsidir. Bu zəngdən sonra Makron da Putinə zəng edərək üçtərəfli danışıqların gündəliyi ilə maraqlanıb. Viqen Akopyan hesab edir ki, Paşinyan bu yolla özünün məcburən Rusiyanın təsir dairəsində qaldığını Qərbə nümayiş etdirmək istəyir.
Siyasi texnoloq kimi təqdim olunan Akopyan Pasinyanın bu oyunlarının, nəticə etibarı ilə onun “istifadə müddətini” daha da qısalda biləcəyini deyir.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları atəşkəs haqqında bəyanat imzaladıqdan dərhal sonra Yerevanda baş nazirin istefası tələbilə etirazlar başlasa da, sonradan aksiyaların kütləviliyi azalıb.
Rusiya prezidenti Vladimir Putin ODKB-nin iclasında çıxış edərək hamını Nikol Paşinyanı dəstəkləməyə çağırıb. Paşinyan istefa verməyəcəyini, bir il ərzində növbədənkənar seçki keçirməyə hazır olduğunu bildirib. Maraqlıdır ki, Paşinyanın bir il ərzində növbədənkənar seçki keçirmək təşəbbüsünə, ona qarşı müxalifətdə olan qüvvələrin lideri sayılan Robert Köçəryan müsbət yanaşıb. Köçəryan Putinin dostu kimi tanınır. Çox guman ki, Kremlin rəhbəri Ermənistanın keçmiş prezidentinə tələsməməyi tövsiyyə edib.
İstisna deyil ki, Ermənistanda hakimiyyətin dəyişdirilməsi Vladimir Putinin bir il sonrakı planlarına daxildir və “Nikolun istifadə müddəti” deyilərkən məhz bu müddət nəzərdə tutulur.
Təbii ki, Paşinyan özünün “istifadə müddətinin” bitəcəyi günü sakitcə oturub gözləməyəcək. Odur ki, qarşıdakı dönəmdə onunla Putin arasında gərginliyin artması gözləniləndir.
Mustafa Hacıbəyli
Basta