Azərbaycanın münsifləri “Avroviziyadan” kənarlaşdırılıb?

 “Avroviziya-2022”-nin finalında  Azərbaycanın münsiflər heyyətinin  səsverməyə canlı olaraq qoşula bilməməsi suallar yaradıb.

 

“Biz 12 səsi münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.  Bunu Azərbaycanın münsiflər heyətinin səsini açıqlayan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.

 

 

“Texniki səbəb” deyəndə nəyi nəzərdə tuturlar? Əsas məsələ, niyə əvvəl Azərbaycandan olan münsiflərin 12 balı Böyük Britaniyaya verdiyi barədə məlumat yayılıb, sonra isə səsin Ukraynaya verildiyi deyilib?

 

Şübhələr yaranıb ki, Böyük Britaniya dünənki etiraz aksiyası ilə bağlı haqlı bəyanat verdiyi üçün münsiflərin canlıya qoşulması qadağan edilib, sonra isə münsiflərin rəyi dəyişib.

 

Bir versiya da odur ki, səslər manipulyasiya edildiyi üçün Azərbaycanın münsiflər heyyəti müsabiqədən uzaqlaşdırılıb.

 

Multimedia proqramları üzrə mütəxxəssis Osman Gündüz özünün feysbuk səhifsində bu mövzu ilə bağlı şübhələrini paylaşıb. 

 

Osman Gündüzün yazısını təqdim edirik:

 

 

“Avroviziya”da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta olub?

 

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

 

Ötən gün başa çatan “Avroviziya 2022” yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs veridiyi görsənir.
Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir.

Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb.

O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.
Qarşı tərəf, “Avrovizion 2022” təşkilatçıları, Avropa Yayım Birliyi isə bununla bağlı rəsmi açıqlama veriblər.

 

Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər.

 

Kimdir günahkar?

 

Düşünürəm ki burada üç mümkün variant ola bilər:

1. Avroviziya kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb.

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə bu tip hallarda nəticələr nəzərə alınmır.

3. Güman etmək olar ki, Münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.
Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər.

Nə etməli?

AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib.

Münsiflər heyəti isə bunu təkzib edir.

Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi , münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər.