Rusiyanın tərəfini tutanlara
Mustafa Hacıbəyli
ABŞ-ın Rusiya qarşı sanksiyaları Ermənistanda narahatlıq yaradıb. Yazırlar ki, bu sanksiyalar Rusiyanın Hərbi Sənaye Kompleksinə zərbədir, çünki:
1. Rusiya silah satışından hər il əldə etdiyi 15 milyard dollardan məhrum olub.
2.Rusiya Qərbdən zəruri rəqəmsal cihazlar almaq imkanından məhrum olduğu üçün hərbi təyyarələrin, helikopterlərin, gəmilərin, hətta müasir tankların, və s. istehsalını dayandırıb.
Bir tərəfdən sanksiyalar, digər tərəfdən isə Ukraynaya qarşı müharibə Rusiyanın hərbi resurslarının sürətlə tükənməsinə səbəb olub.
“Sputnik Ermənistan” nəşri ekspert Ruslan Puxova istinadən yazır ki, bu durumda Rusiya öz müttəfiqlərinə, ilk növbədə Belarusa və Ermənistana əvvəlki kimi silah və texnika göndərmək imkanını itirib.
Yazırlar ki, 2021-ci ildə Rusiya Ermənistana hərbi helikopterlər verib. 2022-ci ildə isə Ermənistanın Rusiyadan silah alması barədə hər hansı bir məlumat mövcud deyil. Nəticədə Ermənistan öz hərbi arsenalını bərpa etmək imkanını itirib.
Ukraynadakı müharibə Azərbaycan üçün təsirsiz ötüşə bilməzdi və ötüşməyib.
Daha əvvəl yazmışdım ki, Rusiya Ukraynaya hücum etməklə Ukraynadan icarəyə götürdüyümüz 50 000 hektar torpaqdan istifadə etmək və ölkənin taxıla olan tələbatını 75 faizədək təmin etmək planlarını azı bir il təxirə salıb.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırmağa çalışanlar bu kimi amilləri nəzərə alsınlar.
Ukraynadakı müharibə hansısa futbol matçı deyil ki, burda kimin hansı tərəfi tutması, yaxud bitərəf qalması “ifadə azadlığı” ilə izah edilsin.
Bu müharibədə Rusiyanın tərəfini tutanlar, Ukraynada günahsız insanların öldürülməsinə, qadınların və uşaqların rus əsgərləri tərəfindən zorlanmasına, şəhərlərin kunfayəkun edilməsinə ən azı göz yummuş olur, üstəlik, Azərbaycanın dövlət maraqlarına qarşı getmiş olurlar.