Rusiya “sülhməramlılarının” Laçındakı özbaşınalığı etiraza səbəb oldu

Rus “sülhməramlıları” torpağımızda qoçuluq edirdi, öz qaydasını qoyurdu, indi də deyəsən Laçında alver də edirlər.

Bu gün ruslar Laçından qayıdan maşınları postlarının yanındakı “neytral” ərazidə saxlayıblar. Bildiriblər ki, 30 maşın buraxacağıq. Bu zaman Azərbaycan hərbi formasını da geyinmiş bir nəfər rus hərbçilərinə yaxınlaşıb. Ondan sonra ruslar daha öndə olan maşınlar olduğu halda, özləri maşınların içindən istədiklərini seçib buraxıblar. Qalan maşınlara da ikinci günə qədər gözləməli olduqlarını bildiriblər. Bu zaman postdan keçə bilməyənlər Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə zəng edərək şikayətlərini bildiriblər. Müdafiə Nazirliyindən və DİN-dən bildiriblər ki, bizim bu işlərdə səlahiytimiz yoxdur, Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayın. Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə yaradılsa da onların da heç bir səlahiyyəti olmadığı bildirilib və ikinci günə qədər gözləməyi məsləhət biliblər. Mən başa düşmürəm, bəs bizim Müdafiə Nazirliyinin orada hansı səlahiyyətləri var?!

Aidiyyatı orqanlar bu məsələyə reaksiya verməlidir. Rusları bu qədər qudurdub başımıza çıxardanda belə də olmalı idi. İndi düşünün, ikinci günə qədər postda qalan Azərbaycan vətəndaşı orda nə yeməlidir? Harda yatmalıdır? Ümumiyyətlə rus kefi istədiyi üçün 30 maşın buraxır deyə, nədən bu özbaşınalıqla barışmalıyıq?!!!
Lap dərinə də getsək, belə davam edərsə, rusların torpaqlarımızdan rədd edilməsi üçün etiraza başlamaq lazımdır!

 

Fərəc Kərimli, Müsavat başqanının müavini